İran Türkiyəyə qarşı gücləndirildi – ŞƏRH

İran bu gün ABŞ-nin Suriyada, İraqda, Bəhreyn, Küveyt və BƏƏ hərbi bazalarına xəbərdarlıq etdikdən sonra raket zərbələri dağıdıcı nəticə əldə etmək üçün yox, daxili və xarici imicini qorumaq üçün məcburi addım idi. Verilən məlumatlara görə, İranın bütün raketləri zərərsizləşdirilib, heç bir itki qeydə alınmayıb.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert bildirib ki, ABŞ İranın bu “cəsarətinə” ağır cavab vermək məcburiyətində idi, lakin:
“ABŞ-nin cavabı İranın və Xameneinin taleyini həll edə bilərdi. İran üçün geriyə sayım başlamışdı və İranı fəlakətdən qurtarmaq İran diplomatlarının bacarığına, vasitəçilərin istəyinə bağlı idi.
Belə bir vəziyyətdə Donald Tramp bu sabah İsrail-İran arasında atəşkəsin əldə olunduğunu açıqladı və münaqişə tərəflərindən mövcud atəşkəs rejimini pozmamağı xahiş etdi.
Gəlinən nəticə budur ki, bu müharibədə hər üç tərəf özünü çəkinmədən qalib hesab edə bilər. İsrail başladığı müharibə ilə qarşısına qoyduğu məqsədə yəni, İranın nüvə və ballistik raket proqramına son verilməsinə, ABŞ qlobal güc nümayişinə, İran isə “kiçik və böyük şeytan” qarşısında məğlub olmadığına və “tutarlı”cavablar verdiyinə görə qalibdir. İsrail və ABŞ İranandakı teokratik rejimi, Xamenei hakimiyyətini “mənəvi qalib” etdi. Bu sonluq da onu islam dünyasında liderliyə daha iddialı edir.

Şərhçi qeyd edib ki, İran son dövrlər islam dünyasında söz sahibi kimi özünü təsdiqləmiş Türkiyəyə qarşı gücləndirildi:
“İlkin məntiqi nəticəyə görə, İsrail-İran müharibəsi əslində Türkiyə qarşı olduğu qənaətini ortaya çıxarır. Heç kəsə sirr deyil ki, indiki İran dövləti Qərb-xristian dünyası tərəfindən Türkiyəyə qarşı yaradılıb. İsrail- İran müharibəsindən sonra “qalib” çıxmış İran, regionda daha aqressiv siyasət aparacaq. Demək İranın Türkiyəyə və xüsusən də Azərbaycana qarşı düşmən siyasəti daha da kəskin forma alacaq. Nəticə olaraq, İsrail-İran müharibəsi Türkiyəyə qarşı siyasi, hərbi, strateji hücum planı kimi qiymətləndirilə bilər”.