“İran süqut edir, ikinci şiə dövləti yaradılacaq” – Şərh

İsrailin kəşfiyyat xidməti MOSSAD-ın sabiq rəhbəri Yossi Koen bildirib ki, İranda hakimiyyətin devrilməsi mümkündür və artıq bunun zamanı yetişib. Lakin onun sözlərinə görə, bu prosesin reallaşması bir neçə il çəkə bilər. Koen qeyd edib ki, İran xalqı uzun illərdir zorakı və repressiv idarəçilikdən əziyyət çəkir.
İran rejiminin devrilməsi nə dərəcədə realdır? İsrail rəsmilərinin bu kimi açıqlamaları regionda gərginliyi daha da artıra bilərmi?
Sosdem.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan, İran rejiminin süqutunun qaçılmaz olduğunu deyib:
“Bu, həm xalqın bezməsi, həm də rejimin təkcə region üçün deyil, bütün dünya üçün problem mənbəyinə çevrilməsi ilə bağlıdır. İsrailin mövqeyindən asılı olmayaraq, İranın müasir dünya ilə ziddiyyət təşkil edən, anti-demokratik rejimi gec-tez çökməlidir. Gərginlik hər zaman olub və İsrailin bu cür açıqlamaları sadəcə onların mövqeyini açıq şəkildə göstərir. Lakin məsələ ondadır ki, Avropa ölkələrinin çoxu və xüsusən ABŞ, İranın hazırkı rejimindən bəzi maraqları naminə faydalanır. İran Qərbə, xüsusən də bölgədə Türkiyə və Azərbaycan üçün daimi təzyiq elementi kimi lazımdır. Yaxın Şərqdə proksi qüvvələr vasitəsilə təxribatlar törədərək İsrailin işğal siyasətinə şərait yaradan da məhz İrandır. Amma İsrail artıq hesab edir ki, İran öz missiyasını tamamlayıb. Keçmişdə ona verilən rolu layiqincə oynayıb. Süni düşmənçilik imici yaradaraq Fələstinin hissə-hissə işğalına və İsrailin silahlanmasına zəmin hazırlayıb. Lakin indi bu rol başa çatıb və İran inadkarlıq göstərir”.

Ekspertin sözlərinə görə, İran rejimi əslində Böyük Britaniya və Fransa tərəfindən regionda dini parçalanma məqsədilə formalaşdırılıb:
“Bu rejimin ideoloji əsasını şiə məzhəbçiliyi təşkil edir və onun hədəfi sünni dünyasını daimi təhdid altında saxlamaqdır. İran süqut edərsə, Qərb mütləq ikinci bir şiə dövlətini yaradacaq. Çünki sünni dünyasında Pakistan, Səudiyyə Ərəbistanı və Əfqanıstan kimi yarı teokratik dövlətlər mövcuddur. Balansı qorumaq və lazım gəldikdə müsəlmanları bir-birinə qarşı qaldırmaq üçün İraq ərazisində yeni şiə rejimi formalaşdırılacaq. İraq Kürdüstanı İran Kürdüstanı ilə birləşdiriləcək, Güney Azərbaycana isə müstəqillik imkanı verilməyəcək. Bunu İsrail də istəmir. Türkiyə və Azərbaycanın yanında üçüncü türk dövlətinin yaranması Qərbin və İsrailin maraqlarına uyğun deyil. İsrail əslində İranda kürd dövlətinin qurulmasını planlaşdırır və bu istiqamətdə fəaliyyət göstərir. Amma İran rejiminə qarşı səslənən bəzi açıqlamalar əsl hədəfi gizlətmək və ya Tehranla gizli əməkdaşlıq şübhəsini aradan qaldırmaq məqsədi daşıyır”.