İran Rusiya-Ukrayna müharibəsində tərəfədir… – Ekspert

“Ukraynanın Xəzər dənizində Rusiyaya silah daşıyan İran gəmisini vurması beynəlxalq hüquq baxımından Ukraynanın tam leqitim özünümüdafiə haqqıdır. Çünki İran müharibə başlayan gündən ‘Şahid’ PUA-ları və ballistik raketləri məhz Xəzər marşrutu ilə Rusiyaya ötürərək Ukraynaya qarşı dolayı hərbi təcavüzdə yer alır. İranın bu hadisədən sonra Ukraynanı günahkar çıxarmaq və prosesi qloballaşdırmaq cəhdləri isə məsuliyyətdən yayınmaq məqsədi daşıyır”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“Xəzərdə Vurulan Gəmilər Hərbi Təyinatlıdır…”
Politoloq Ukraynanın addımının tamamilə adil və hüquqi çərçivədə olduğunu diqqətə çatdırıb:
“İranın cavab verəcəyi ilə bağlı bəyanatları sadəcə siyasi şantajdır. Nəzərə almaq lazımdır ki, vurulan həmin gəmilər mülki deyil, birbaşa hərbi təyinatlıdır və daşınan silahlar Ukrayna şəhərlərinin dağıdılmasında istifadə olunur. Ukrayna, ABŞ və bütün Qərb koalisiyası yaxşı bilir ki, Tehran rejimi Xəzər vasitəsilə Moskvaya qısamənzilli ballistik raketlər və öldürücü PUA-lar tədarük edir. Bu baxımdan Ukrayna ordusunun təhdid mənbəyini elə Xəzərdəcə zərərsizləşdirməsi tam qanunauyğundur”.

“İran Müharibəni Qloballaşdırmağa Çalışər…”
MCP rəsmisi ABŞ-İran qarşıdurmasının pik həddə çatdığı bir vaxtda mənzərənin daha da mürəkkəbləşdiyini, lakin Avropanın bu münaqişəyə birbaşa cəlb olunmayacağını vurğulayıb:
“İran birbaşa Rusiya ilə birgə Ukraynaya və Qərbə qarşı hərbi-siyasi koalisiyada yer alır. ABŞ–İran müharibəsinin davam etdiyi bir vaxtda Xəzərdə yaşanan bu insident mənzərəni daha dərin böhrana yuvarlaya bilsə də, Avropanın prosesə birbaşa hərbi müdaxiləsini gözləmirəm. Ukrayna rəhbərliyi təmkinli və adil davranaraq özünü effektiv müdafiə edəcək, lakin İranın gözlədiyi yeni hərbi cəbhənin açılmasına şərait yaratmayacaq”.