İran müharibəsinin əsas hədəfi Türkiyədir… – Politoloq

Türkiyə və İsrail arasında hərbi qarşıdurma ehtimalı son dövrlərdə yenidən ekspertlərin diqqət mərkəzinə düşüb. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Binyamin Netanyahu barəsində çıxardığı həbs qərarı, Türkiyənin Suriyadakı hərbi mövcudluğu və bölgədə dəyişən dinamika bu eskalasiyanı daha real müstəviyə daşıyır. Eyni zamanda, İran mətbuatının bu gərginliyi həvəslə işıqlandırması regional qüvvələrin öz maraqlarını güddüyünü göstərir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan deyib.
“İsrail Böyük Hərbi Güclə Üz-Üzədir…”
Başqan müavini Tural İrfan İsrail mətbuatında yer alan həyəcanlı siqnallara və qarşıdurmanın miqyasına diqqət çəkib:
“İsrail mətbuatının da etiraf etdiyi kimi, Tel-Əviv bu dəfə Həmas və ya İran kimi qüvvələrlə deyil, daha əvvəl qarşılaşmadığı nəhəng hərbi gücə və NATO ordusuna malik Türkiyə ilə birbaşa qarşıdurmaya doğru gedir. Təbii ki, biz daha əvvəlki analizlərimizdə də bəyan etmişdik ki, İrana qarşı yönələn təzyiqlərin və regional müharibə planlarının pərdəarxası əsas hədəflərindən biri məhz Türkiyənin təsir imkanlarını məhdudlaşdırmaqdır”.
“Tel-Əviv ABŞ Üçün Bəlaya Çevriləcək…”
MCP rəsmisi Tel-Əvivin aqressiv xarici siyasətinin ABŞ və Qərb üçün yaradacağı fəsadları vurğulayıb:
“İsrail hazırda təkcə fələstinlilər üçün deyil, bütün regionun sabitliyi üçün ciddi təhlükə mənbəyinə çevrilib. Bu nəzarətsiz hərbi aktivlik və ekspansiya siyasəti yaxın gələcəkdə Vaşinqtonun özü üçün də daha böyük və idarəolunmaz bir bəlaya dönüşəcək. ABŞ-ın İsrailə kor-koranə dəstəyi Yaxın Şərqdəki öz strateji maraqlarını və mütəffüqləri ilə münasibətlərini zərbə altına qoyur”.

“İranın Sevinci…
Ekspert Tehranın bu gərginlikdən istifadə etmək cəhdlərini belə qiymətləndirib:
“İran mətbuatının Türkiyə-İsrail gərginliyini sevinclə tirajlaması təsadüfi deyil. Tehran öz üzərindəki hərbi və iqtisadi təzyiqi yayındırmaq üçün Türkiyənin İsraillə birbaşa qarşıdurmaya girməsində maraqlı görünür. Lakin bu gərginliyin real hərbi müstəviyə keçməsi bütün Yaxın Şərq cədvəlini dəyişdirəcək və Rusiya, ABŞ kimi qlobal oyunçuları da prosesə cəlb edəcək dərəcədə risklidir”.