Xəbərlər

İran bu müharibədə qələbə qazandı… – Analitik

“ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın imzaladığı və 60 günə yekun sülh müqaviləsinin bağlanmasını nəzərdə tutan memorandum real nəticə verməyəcək; Ağ Evin müharibədən çıxmaq üçün İrana geniş güzəştlər etdiyi bu sənəd Qərb tərəfindən ‘kapitulyasiya’ kimi qiymətləndirilir və Trampdan sonra tərəflər arasında daha dağıdıcı bir müharibənin başlaması qaçılmazdır”.

Bunu Vaşinqton-İrəvan arasında imzalanan son sənədin pərdəarxası məqamlarını, İsrailin razılaşmaya qarşı kəskin reaksiyasını və Yaxın Şərqdə formalaşan yeni hərbi-siyasi mənzərəni Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

“İran Müharibədə Siyasi-Diplomatik və Strateji Qələbə Qazandı”

Politoloq memorandumun imzalanma səviyyəsinin və şərtlərinin rəsmi Tehran üçün olduqca əlverişli olduğunu diqqətə çatdırıb:

“ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın imzaladığı və 60 günə yekun sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan memorandumun real nəticə verəcəyi əsaslı şübhə doğurur. ABŞ bu müharibədə İranı hərbi məğlubiyyətə uğratsa da, İran da bu müharibədə nəinki strateji-psixoloji, hətta siyasi-diplomatik qələbə qazandı. Düşünürəm ki, bu gün ortada olan həmin memorandum ABŞ-ın müharibədən çıxması üçün məcburi bir sənəd idi, bu, keçid və zaman uduşuna hesablanmış bir baza kimi istifadə olunacaq. Sənədin ABŞ vitse-prezidenti Di Vens və İran parlamentinin sədri Qalibafın imzalayacağı gözlənildiyi halda, prezidentlər səviyyəsində imzalanması şərtlərin İran üçün olduqca əlverişli olmasını göstərir. İranda da razılaşma öncəsi müəyyən narazılıq aksiyaları Tramp administrasiyasına qarşı ‘daxili müharibə istəyinin’ təzyiq forması idi”.

“Qərb Siyasi Elitası Bu Razılaşmanı Vaşinqton Üçün Kapitulyasiya Hesab Edir”

Sənədin daxili bəndlərindəki ciddi qüsurları və Trampın əsas hədəflərindən yayınmasını analiz edən ekspert bildirib:

“Bu memorandum Donald Trampın nüfuzunun və Amerika dövlətinin düşdüyü siyasi bataqlıqdan çıxışı üçün İrana edilmiş geniş güzəştli bir sənəddir. Avropa və ABŞ siyasi elitası da bu razılaşmanı Vaşinqton üçün ‘kapitulyasiya’ hesab edir. Donald Trampın bu gün imzaladığı həmin sənəd 2018-ci ildə çıxdığı nüvə razılaşmasının doğurduğu nəticələrin aradan qaldırılması məqsədi daşıyır. Tramp nəyin bahasına olursa-olsun, İranın nüvə proqramının dayandırılmasını əsas şərt olaraq götürmüşdü. Ancaq son 14 maddədən ibarət olan memorandumda İran üçün nə ballistik raketlər proqramının dayandırılması, nə də zənginləşdirilmiş uranın ölkədən çıxarılması öz əksini tapır. Hörmüz boğazında da azad gəmiçiliyin əvvəlki vəziyyətə qaytarılmasını İran rədd edir. Donald Trampın bu müharibə ilə bağlı qarşıya qoyduğu hədəflərə tam çatmaması və eləcə də NATO müttəfiqlərinin narazılığı onu göstərir ki, Tramp hakimiyyətdə nizamını bitirdikdən sonra yeni müharibə ehtimalı çox yüksəkdir”.

“Trampdan Sonra İrana Qarşı Genişmiqyaslı Koalisiya Müharibəsi Başlayacaq”

MCP rəsmisi İsrailin mövqeyini və yaxın gələcəkdə regionda baş verəcək strateji dəyişiklikləri proqnozlaşdırıb:

“Bu razılaşmadan sonra da Tramp iqtidarının İrana qarşı yeni hərbi əməliyyatları gündəmdən çıxmır. İsrail də bu razılaşmadan narazıdır və bu razılaşmanın İsrailə aid olmadığını Təl-Əviv rəsmi şəkildə bəyan edib. Netanyahu administrasiyasının ABŞ-ın iştirakı olmadan İsrailin İrana qarşı yeni müharibəsi mümkündür. Ümumiyyətlə isə İranın qalib buraxılması nəinki İsrail üçün, region və Körfəz ölkələri üçün də real təhlükə faktını ön planda saxlayır. Artıq İran bu razılaşmadan sonra daha sərt təhdid ritorikası ilə çıxış edir. Çox güman ki, Trampdan sonra ABŞ-ın İranın bir dövlət olaraq məhv edilməsi, Hörmüz boğazı ətrafında İranın nəzarətindən çıxan bir zolağın yaradılması istiqamətində fəaliyyətinin şahidi olacağıq. İranın Yaxın Şərqdə, xüsusən ərəb dövlətləri üzərində hərbi və siyasi-psixoloji hegemonluq qazanmasını Qərb ölkələri, xüsusən də ABŞ qəbul edən deyildir. Demək, Tramp hakimiyyətdən gedəndən sonra ABŞ-ın öz müttəfiqləri ilə İrana qarşı koalisiya formasında ağır nəticələrə səbəb olan genişmiqyaslı müharibə edəcəyi ehtimalı çox yüksəkdir və bu razılaşma əsasən yeni, daha böyük müharibəyə hazırlıq dövrünü əkatə edəcək”.

Bir cavab yazın

Back to top button