İran atəşkəsə məcbur edildi? – Ekspert

ABŞ və İran arasında əldə olunan atəşkəs Vaşinqtonun Tehrana qarşı ciddi təzyiqləri fonunda baş tutub. ABŞ-nin Böyük Britaniya üzərindən İrana zərbələr endirmək planı, xüsusilə mülki infrastrukturu hədəf alma ehtimalı vəziyyəti daha da gərginləşdirirdi. Məhz bu səbəbdən tərəflər atəşkəsə getməyə məcbur oldular.
Sosdem.az xəbər verir ik, bu fikirləri “Ednews”a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, bu prosesdə Pakistan və Böyük Britaniyanın da müəyyən rolu olub.
“Hazırkı mərhələdə tərəflər arasında müəyyən razılaşmalar əldə olunsa da, bu, hələ tam və uzunmüddətli sülh demək deyil. İran hakimiyyəti üçün mövcud vəziyyət ciddi sınaqdır. ABŞ-nin əvvəlki mərhələdə rejimi dəyişmək planlarının olduğu iddia edilsə də, sonradan bu yanaşmada dəyişiklik müşahidə olunur. Bu isə həm Rusiyanın, həm də Çinin mövqeyinə müəyyən təsir göstərir” – siyasi şərhçi bildirib.
MCP rəsmisi qeyd edib ki, İran üçün Hörmüz boğazı strateji əhəmiyyət daşıyır və bu amil ölkə üçün bir növ “xilas mexanizmi” rolunu oynayır.
“Eyni zamanda, regionda İsrail faktorunun da proseslərə təsiri istisna edilmir. Nəticə etibarilə, əldə olunan atəşkəsin davamlı olub-olmayacağı birbaşa regiondakı digər aktorların davranışından asılıdır. Əlavə təxribatlar baş verməzsə, ABŞ və İran arasında atəşkəs müəyyən müddət davam edə bilər”, – politoloq əlavə edib.
