Xəbərlər

İran ABŞ-ni “Vyetnam-Əfqanıstan bataqlığı”na yaxınlaşdırır… – Şərh

“ABŞ və İsrail müharibəni qısa müddətdə bitirə bilməsə, İranın qlobal güc mərkəzinə çevrilmə ehtimalı artacaq. Hazırda yaranmış hərbi və psixoloji vəziyyət Vaşinqtonu ‘Vyetnam bataqlığı’na sürükləyir”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Rusiya İrana dəstəkdən imtina edə bilərmi?

Politoloqun fikrincə, neft bazarındakı bahalaşma və Moskvanın gəlirlərinin artması Kremlin mövqeyinə təsir edir:

“Tehranın Hörmüz boğazına nəzarət imkanları neftin qiymətini 100 dollardan yuxarı qaldırıb. Bu, Rusiyanın sanksiyalardan yayınaraq gəlirlərini artırmasına şərait yaradır. Lakin Moskva İranın yeni qlobal gücə çevrilməsində maraqlı deyil. Ola bilsin ki, Kreml Vaşinqtonla gizli sövdələşməyə gedərək İrana kəşfiyyat məlumatlarının ötürülməsini dayandırsın. Moskvanı İranın ondan daha qüdrətli görünməsi narahat edir.”

Çin niyə İrana qeyri-şərtsiz dəstək verir?

Ekspert vurğulayıb ki, Pekin üçün İranın müdafiəsi birbaşa milli təhlükəsizlik və enerji məsələsidir:

“Rusiya İrandan imtina edə bilsə də, Çin buna məcburdur. Çünki ABŞ-ın əsas hədəfi Pekindir. Trampın İranın neft infrastrukturuna zərbələri məhdudlaşdıraraq ‘Venesuela variantı’nı tətbiq etmək istəyi məhz Çinin enerji qaynaqlarını nəzarətə almaq planıdır. Pekin anlayır ki, İran çökərsə, növbəti hədəf özü olacaq. Ona görə də Çin müharibənin uzanmasına və Tehranın tam müqavimətinə dəstək verəcək.”

Trampın strateji gözləntiləri və gerçəklik

Analitik Trampın “Truth Social” platformasındakı təhdidlərinə və mövcud duruma belə aydınlıq gətirib:

“Trampın ‘Maduro əməliyyatı’ndan sonrakı eyforiyası İranın müqaviməti ilə daralır. Hörmüz boğazı bağlanarsa, ABŞ-ın 20 dəfə güclü cavab vədi belə qlobal iqtisadi çöküşün qarşısını almayacaq. Əgər bu müharibə İranın tabeliyi ilə bitməsə, bu, ABŞ-ın qlobal güc imicinə vurulan ən böyük zərbə və hegemonluğun sonunun başlanğıcı olacaq.”

Bir cavab yazın

Back to top button