Xəbərlər

İrəvanı kim qarışdırır: Rusiya, yoxsa Qərb?

Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanın mövcud hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları davam edir.

Mayın 9-da İrəvanda Respublika meydanında Tavus yeparxiyasının rəhbəri Baqrat Srbazanın rəhbərlik etdiyi “Vətən naminə Tavus” hərəkatının genişmiqyaslı etiraz aksiyası keçirilib.

Ermənistan KİV-lərinin məlumatına görə, aksiyada 30 mindən çox insan iştirak edib.

Aksiya revanşist müxalifət dairələri, xüsusilə sabiq prezident Robert Köçəryanın “Hayastan” fraksiyası tərəfindən dəstəklənib.

Keşiş Baqrat Srbazan aksiyada çıxışı zamanı Baş nazir Nikol Paşinyan istefa verməyə çağırıb. Aksiyadan sonra Srbazan “Hayastan” fraksiyasının nümayindələri ilə görüşüb.

Hazırda İrəvan küçələrində və meydanında etiraz aksiyası davam edir. Artıq aksiyaya tələblərin də qoşulduğu bildirilir.

Maraqlıdır, Ermənistanda baş verən proseslər hansı güc mərkəzi tərəfindən koordinasiya olunur? Burada Rusiya, yoxsa Qərb faktoru var?

“Cebhe.info” məsələ ilə bağlı siyasi ekspertlərin rəyini öyrənib.

Politoloq, Mili Cəbhə Partiyası sədrinin müşaviri Elşən Manafov isə vurğulayıb ki, İrəvanda etiraz aksiyalarında daha çox daxili qüvvələr və erməni diasporası rol oynayır:

“Prinsip etibarı ilə etiraz aksiyalarını doğuran səbəblər bəllidir. Səbəblər Paşinyan hakimiyyətinin Azərbaycanla münasibətləri nizama salmaq siyasəti və Azərbaycanla şərti sərhəd ərazilərin delimitasiyası istiqamətində atdığı addımlardır.

Nikol Paşinyanın Ermənistanın Tavuş bölgəsinə yaxın olan işğal altındakı dörd kəndi Azərbaycana qaytarmaq qərarı həmin bölgədə məskunlaşan erməni kəndlərinin narazılığına səbəb olub.

Ermənilər qorxurlar ki, həmin kəndlər Azərbaycanın nəzarəti altına keçdikdən sonra onların yaşayışı təhlükə altında olacaq. Halbuki işğal dövründə dörd kəndə nə yaşayış, nə də əkin-biçin olub.

O ki qaldı İrəvanda etiraz aksiyalarının arxasında kimlərin dayanmasına, bu aksiyalarda revanşist müxalifətin rolu danılmazdır. Müxalifətin hazırkı iqtidara münasibəti bəlli olduğundan, belə qənaətə gəlmək olar ki, revanşist müxalifət ünsürləri etiraz aksiyasından öz maraqları üçün istifadə etməyə çalışır.

Digər maraqlı məqam ondan ibarətdir ki, etiraz aksiyalarının arxasında erməni kilsəsi də dayanır. Erməni kilsəsi hər zaman erməni ictimaiyyəti və erməni xalqı üzərində çox böyük təsir imkanlarına malik olub. Hətta Ermənistan dövlətinin olmadığı bir zamanda erməni keşişləri erməni xalqına dövlətçilik ideyaları təbliğ və onları mübarizəyə sövq ediblər. Yəni belə demək mümkünsə, erməni kilsəsi dövlət içərisində bir dövlət təsiri bağışlayır.

Amma Ermənistanda keşişlər özbaşına hərəkət etmirlər. Onların dünyanın müxtəlif ölkələrindəki erməni diasporası ilə sıx təmasları var. Xüsusilə nəzərə almaq lazımdır ki, erməni diasporasının maliyyəsi olmadan erməni kilsəsi nəinki aksiya təşkil etmək, hətta heç bir addım ata bilməz.

Hesab edirəm ki, Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları erməni kilsəsi, revanşist müxalifət və erməni diasporasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu