Xəbərlər

İrəvan-Moskva gərginliyi yaxın perspektivdə… – Politoloq

“Ermənistanda keçirilən seçkilərdən sonra İrəvan və Moskva arasında münasibətlər gərgin mərhələdə qalmaqda davam edir; Nikol Paşinyanın seçkilərdə mövqeyini gücləndirməsi və Qərbə inteqrasiya kursunu sürətləndirməsi Kremlin ciddi narahatlığına səbəb olub və Rusiyadan gələn son sərt bəyanatlar birbaşa siyasi təzyiq vasitəsidir”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Moskvada Ciddi Narahatlıq Var”

Ekspert Rusiya mediasında erməni əsilli şəxslərin hədəf alınmasının arxasındakı siyasi motivləri diqqətə çatdırıb:

“Ermənistanda keçirilən seçkilərdən sonra İrəvan və Moskva arasında münasibətlər gərgin mərhələdə qalmaqda davam edir. Rusiyanın Ermənistandan gələn şəxslərin yoxlanılması ilə bağlı yanaşması Moskvanın mümkün siyasi və ideoloji təsirlərdən narahat olduğunu göstərir. Marqarita Simonyanın bu açıqlaması təsadüfi deyil. Nikol Paşinyanın seçkilərdə mövqeyini daha da gücləndirməsi və Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya kursunu davam etdirməsi Moskvada ciddi narahatlıq yaradır. Rusiya Ermənistanda baş verən siyasi prosesləri diqqətlə izləyir və bu ölkədəki daxili dəyişikliklərin öz maraqlarına zidd istiqamətdə inkişaf etdiyini düşünür”.

“Paşinyanı Dəstəkləyən Ermənilərin Rusiyaya Girişi…”

Politoloq vurğulayıb ki, Kremlin miqrasiya və sərhəd nəzarəti alətlərindən istifadə etməsi birbaşa Ermənistan cəmiyyətinə yönəlmiş bir sanksiya formasıdır:

“Paşinyanı dəstəkləyən ermənilərin Rusiyaya girişinin məhdudlaşdırılması ilə bağlı səsləndirilən fikirlər xüsusi siyasi mesaj xarakteri daşıyır. Bu cür bəyanatlar daha çox siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Moskva bununla həm Ermənistan hakimiyyətinə, həm də erməni cəmiyyətinə mesaj verməyə çalışır ki, Rusiyanın maraqlarına zidd siyasi kursun çox ciddi nəticələri ola bilər”.

“Rusiya-Ermənistan Münasibətlərinin Normallaşması ”

Tərəflər arasındakı geosiyasi qopmanın dərin xarakter daşıdığını qeyd edən MCP rəsmisi yaxın gələcəyə dair proqnozlarını belə yekunlaşdırıb:

“Yaxın perspektivdə Rusiya-Ermənistan münasibətlərinin normallaşması gözlənilmir. Tərəflər arasında yaranmış fikir ayrılıqları olduqca dərin xarakter daşıyır. Münasibətlərin əvvəlki səviyyəyə qayıtması üçün müəyyən zaman tələb olunacaq. Hazırkı mərhələdə isə normallaşma ilə bağlı hər hansı ciddi gözləntilər yoxdur. Son açıqlamalar Moskvanın Ermənistanın siyasi istiqamət dəyişikliyindən narahat olduğunu və regiondakı təsir imkanlarını nəyin bahasına olursa-olsun qorumağa çalışdığını bir daha nümayiş etdirir”.

Bir cavab yazın

Back to top button