Xəbərlər

İnsanlar var idi ki, yaşlı valideynlərini görə bilmirdilər – MCP rəsmisi

“Bakı-Tbilisi sərnişin qatarının yenidən fəaliyyətə başlaması həm humanitar, həm də regional iqtisadi əməkdaşlıq baxımından çox mühüm və strateji bir hadisədir”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Rafiq Daşdəmirli deyib.

Partiya funksioneri qeyd edib ki, bu qərar xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız və cəmiyyətin müxtəlif təbəqələri üçün sosial cəhətdən əvəzsiz rola malikdir:

“Gediş-gəlişin məhdud olması uzun müddətdir insanlar arasında müəyyən çətinliklər yaradırdı. Cəmiyyətimiz, xüsusən də Gürcüstan azərbaycanlıları illərdir bu günü gözləyirdilər. Bu xəttin açılması maddi imkanı aşağı olan, təyyarə biletləri ala bilməyən vətəndaşlarımız üçün çox vacib idi. İnsanlar var idi ki, maddi sıxıntılar ucbatından ailələrini, yaxınlarını, yaşlı valideynlərini uzun müddət gedib görə bilmirdilər. Qatarın fəaliyyətə başlaması bu humanitar problemi kökündən həll edir və ailələrin yenidən rahat şəkildə qovuşmasına imkan yaradır”.

MCP rəsmisi vurğulayıb ki, qatar xəttinin bərpası həm də iki qardaş ölkə arasında iqtisadi və turizm əlaqələrinin canlanmasına birbaşa təkan verəcək:

“Bu hadisə sadəcə sosial layihə deyil, həm də ciddi iqtisadi dividentləri olan bir addımdır. Regionda nəqliyyat-logistika imkanlarının genişlənməsi, xalqlararası gediş-gəlişin ucuz və təhlükəsiz yolla təmin edilməsi Azərbaycanın regional liderlik və humanitar dövlət siyasətinin növbəti uğurlu təzahürüdür”.

Bir cavab yazın

Back to top button