İnsanlar tıxacdan boğaza yığılıb… – Deputat

Bakıda nəqliyyat idarəçiliyi və yol hərəkəti qaydalarına görə tətbiq edilən sanksiyaların sərtləşdirilməsi məsələsi yenidən gündəmin əsas müzakirə mövzusuna çevrilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun cərimələrin artırılması ilə bağlı son çıxışına Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayevdən münasibət bildirib.
Problemin Kökü: İdarəetmə Səhvləri, yoxsa Sürücü Məsuliyyətsizliyi?
Millət vəkili hesab edir ki, paytaxtdakı nəqliyyat xaosunda günahı yalnız sürücü və piyadalarda axtarmaq yanlış yanaşmadır. O, nazir müavininə olan şəxsi hörmətini qeyd etsə də, mövcud strategiyanı “ən asan yol” kimi qiymətləndirib:
“Rəhman müəllimə dərin hörmətim var, amma doğruları dilə gətirmək vacibdir. Bu gün Bakıda və ətraf ərazilərdə yaranan nəqliyyat xaosunun əsas səbəbi sürücülər və piyadalar deyil, illərdir yol verilən ciddi idarəetmə və planlaşdırma səhvləridir. Problemin mahiyyətinə varmaq əvəzinə, yenə də ən asan yola yönəlmiş bir yanaşma görürük.”
Alternativsizlik və Sosial Gərginlik
MCP başqanı qeyd edib ki, cərimələrin artırılması vətəndaşlar arasında narazılığı daha da qızışdıra bilər:
“Çünki hazırda Bakı sakinlərinin keyfiyyətli ictimai nəqliyyat alternativi yoxdur. Metro və avtobusların həddindən artıq yüklənməsi insanları şəxsi avtomobillərdən asılı vəziyyətə salıb. Sürücülər artıq beziblər. Bir neçə ayın içində 20 cərimə balı yığılır və insanların sürücülük hüququ məhdudlaşdırılır. Haqlı sual yaranır: əvvəl niyə bu qədər pozuntular olmurdu? İndi nə dəyişib? Problemlər həll olunmadan, alternativlər yaradılmadan insanları fakt qarşısında qoymaq, onları işindən-gücündən etmək ədalətli deyil. Bu gün sürücülərin real alternativi yoxdur. İctimai nəqliyyat tələbatı qarşılamır, marşrutlar rahat deyil, metro və avtobuslar həddindən artıq yüklənib, şəhər isə tıxac içində boğulur.”

Nazirliyə Çağırış: “Öz Fəaliyyətinizə Tənqidi Baxın”
Parlamentari vurğulayıb ki, çıxış yolu cəzalarda deyil, sistemli islahatlardadır.
“2030-cu ilə qədər nəzərdə tutulan layihələrin sürətləndirilməsi, qurumların öz məsuliyyətini dərk etməsi vacibdir. İnsanlar, sözün əsl mənasında, boğaza yığılıblar. Belə vəziyyətdə onlara yalnız “daha çox cərimə” mesajı vermək sosial gərginliyi artırmaqdan başqa bir nəticə verməyəcək. Nazirlik real nəticə görmək istəyirsə, əvvəlcə öz fəaliyyətinə tənqidi baxmalıdır: niyə yollar buraxılış qabiliyyətini itirib, niyə ictimai nəqliyyat cəlbedici deyil, niyə şəhər planlaması bu vəziyyətə gətirilib? “Təhlükəsizlik” adı altında vətəndaşın cibinə əl uzatmaq islahat deyil. İslahat məsuliyyəti cəmiyyətin yox, sistemi idarə edən qurumların üzərinə qoymaqla başlayır.”