Xəbərlər

İnsanlar haqqında əsassız, təhqiramiz fikirlər səsləndirirlər – Başqan müavini

Adət-ənənələrimizə görə toy mərasimləri hər zaman sevinclə qarşılanıb. İstər kasıb, istər varlı olsun, toy hər kəs üçün xoş niyyət, xeyir-dua və gənclərə xoşbəxtlik arzusudur. Cəmiyyət olaraq belə günlərdə birliyimizi və insani dəyərlərimizi nümayiş etdirməliyik.

Sosdem. az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini Rafiq Daşdəmirli MCP başqanı, deputat Razi Nurullayevin qardaşı oğlunun toyu ilə bağlı ünvanına səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

MCP rəsmisi təəssüflə bildirib ki, son günlər bu sevinci paylaşmaq əvəzinə, mövzudan xəbərsiz olan bəzi şəxslər tanımadıqları insanlar haqqında əsassız və təhqiramiz fikirlər səsləndirirlər:

“Razi Nurullayevin də qeyd etdiyi kimi, qardaşının oğluna toy etməsi hansı əsasla onun adına yazılır? Necə ki, övlad atasına görə cavabdeh deyil, eləcə də qardaş qardaşının şəxsi həyatına görə heç bir məsuliyyət daşımır.

Qeyd edək ki, Hasil Nurullayev sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Rusiya vətəndaşıdır və əsas biznes fəaliyyəti Rusiya Federasiyası ərazisindədir. O, Qarabağ müharibəsi dövründə ölkəmizə dəstək göstərmiş, bir çox insanın sağlamlığı və sosial rifahı üçün imkanları daxilində yardım edib. Sülh dövründə də bu yardımlar davam etmiş, Qarabağın bərpası və quruculuğu istiqamətində təmənnasız töhfələrini əsirgəməmişdir.

Bu gün isə Hasil Nurullayevin xeyirxah əməllərinə sevinmək əvəzinə, onu və bütövlükdə Nurullayevlər ailəsini qınaq obyektinə çevirmək ən azı anlaşılmazdır. Qardaşının toy etməsinin harada və necə keçirilməsinin Razi Nurullayevin şəxsi həyatı və ya deputat kimi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Razi Nurullayev Milli Məclisin deputatı olaraq bu günədək fəaliyyəti ilə xalqın və dövlətin maraqlarını müdafiə edib və etməkdə davam edir. Onun fəaliyyətini şəxsi və ailə məsələləri ilə qarışdırmaq düzgün deyil.

Bizlərə düşən isə sadə və insani bir mövqedir – gənclərə xoşbəxtlik arzulamaq və xeyir işlərə kölgə salmamaq”, – Rafiq Daşdəmirli deyib.

Bir cavab yazın

Back to top button