Xəbərlər

İmam Hüseynin adını istismar edənlər terror törədir… – Şərhçi

“Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu heç bir hüquqa və əxlaqa sığmayan düşmənçilikdir. Azərbaycanın etdiyi bütün humanist addımların və yaxşılıqların müqabilində İranın bu addımı olan-qalan bütün etimadı da itirmək deməkdir”.

Bu barədə Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Tural İrfan bildirib. O, İranın bu əməlini həm siyasi xəyanət, həm də dini dəyərlərin təhqiri kimi qiymətləndirib.

Politoloq Azərbaycanın İrana qarşı hər zaman sülh və diplomatik dəstək mövqeyindən çıxış etdiyini xatırladıb:

“Biz İrana qarşı müdaxilə zamanı heç bir kənar qüvvəyə ölkəmizdən dayaq nöqtəsi verməmişik. Əksinə, gərginliyi azaltmağa çalışmışıq. Ən son hadisələrdə vəfat etmiş İran rəhbərliyinə dövlət başçısı səviyyəsində başsağlığı verilib. Hətta İran XİN-in müraciəti ilə Livanda qalmış şəxslərin ölkələrinə dönməsi üçün birbaşa Prezident səviyyəsində köməklik göstərilib. Bütün bu yaxşılıqların qarşılığında İran Naxçıvana dron zərbələri endirib. Bu, siyasi və əxlaqi iflasdır.”

MCP rəsmmisi İranın bu addımının İslam dəyərləri ilə daban-dabana zidd olduğunu vurğulayıb:

“İslam Peyğəmbərini və Əhli Beyti dildə şüar edənlərin bu əməli həmin müqəddəs dəyərlərə xəyanətdir. İmam Hüseyn öz ölümü ilə başqalarına həyat verdi. Amma bu gün onun adını bayrağa yazıb ‘mən ölürəmsə, qoy hamı ölsün’ prinsipi ilə fitnə çıxaranlar ali dəyərləri tapdalayırlar. Azərbaycan dövləti, ordusu və xalqı bu toxunulmazlığa əl uzadanlara qarşı hər zaman ayıq-sayıqdır.”

Politoloq qeyd edib ki, Azərbaycan hər zaman qonşusunun yanlış yoldan dönməsini arzulayıb:

“İranın torpaqlarımızı işğal edənlərə verdiyi dəstəyə baxmayaraq, istəmişik ki, qonşumuz doğru yola gəlsin. Çünki orada çoxmilyonlu əsir soydaşlarımız var. Lakin son hadisə göstərdi ki, bu rejim üçün heç bir müqəddəslik yoxdur. Vətən, torpaq və din bizim üçün toxunulmazdır. Bu toxunulmazlığa əl uzadanların tövbəsi və üzrü vacibdir.”

Bir cavab yazın

Back to top button