Xəbərlər

İctimai nəqliyyat elə gündədir ki, qalstuklu adam avtobusa minmir… – Ekspert

“Yerüstü ictimai nəqliyyatda nəzarət, tənzimləmə və əhaliyə xidmət səviyyəsi həddən artıq nöqsanlıdır; antisanitariya, interval pozuntuları, kondisionerlərin qoşulmaması və qəsəbə marşrutlarındakı xaotik vəziyyət insanları borc-xərc içində şəxsi avtomobil almağa məcbur edir və bu sahədə təcili olaraq təğyiri-libas reydlərin keçirilməsinə ehtiyac var”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, İlahiyyatçı Tural İrfan deyib.

“Təğyiri-libas Olub Bircə Dəfə Həmin Avtobuslara Süvar Olun”

MCP rəsmisi nəqliyyata məsul qurumların rəhbərliyini real vəziyyəti görmək üçün kabinetlərdən çıxmağa çağırıb:

“Yerüstü ictimai nəqliyyata nəzarətiniz, tənzimləmə, əhaliyə xidmət çox nöqsanlıdır. Bir çox sürücülərinizin hansı formada, sanki sürücülük vəsiqəsi olmadan avtobus idarə etdiyini, sükan arxasında siqaret çəkdiyini, sərnişinlərlə pis davrandığını əgər bilmirsinizsə, zəhmət çəkib təğyiri-libas olub bircə dəfə həmin avtomobillərə süvar olun. Çoxunda kondisioneri işlətmirlər ki, rəhbərlik icazə vermir. İctimai nəqliyyat elə gündədir ki, bircə nəfər qalstuklu adam avtobusa minmir. Hamı borcla, kreditlə, sələmlə də olsa şəxsi avtomobil almağa üstünlük verir. Keçən günlərdə qoca arvadı səkidə avtobusunuz vurub öldürüb. Hər gün minlərlə təhlükəli vəziyyət yaradırlar, sərnişinləri incidirlər, camaat da ona görə şikayət etmir ki, xeyri yoxdur”.

“Avtobusların Oturacaqları Kirdən, Pasdan Qaysaq Atıb”

Başqan müavini xüsusilə qəsəbə xətlərindəki biabırçı idarəetməni və baxımsızlığı kəskin tənqid atəşinə tutub:

“Qəsəbələrə işləyən marşrutlarda daha dayanacaqda saxlamaq ənənəsi ləğv edilib. Kim harda dayanırsa, kim harada düşmək istəyirsə sifarişlə orada saxlayırlar. Avtobusların oturacaqlarının parçası kirdən, pasdan, mikrobdan qaysaq atıb, üfunət verir. Tozdan-torpaqdan burun tutulur, nəfəs almaq olmur. İstifadəyə veriləndən içi yuyulmur, təmizlənmir, dezinfeksiya olunmur. Əslində avtobuslar heç olmasa 6 aydan bir dezinfeksiya olunmalıdır. Çünki ictimai nəqliyyata hər cür yoluxucu xəstəliyi olan adamlar da minir. Sürücülərin çoxu çox aqressiv, gərgin və laqeyddir. Bəzən avtobuslarda adamlar elə formada daşınır ki, heç malı-heyvanı, toyuq-cücəni o şəkildə aparmırlar ki, birdən boğular, havasızlıq yaranar”.

“Bilsələr Ki, Avtobusda Beş Məmur Gedir, Xüsusi Şərait Yaradarlar”

Nəqliyyat sisteminin yalnız əlacsız təbəqənin seçiminə çevrildiyini deyən ekspert, nəzarət mexanizminin dəyişməsini tələb edib:

“Lazım gəlsə zəhmət çəkib reyd keçirmək, yoxlama aparmaq, izləmək, diqqət göstərmək lazımdır. İctimai nəqliyyatı elə nizamlamaq lazımdır ki, işə, dərsə gedən şəxs maşını ilə yox, marşrutla getməyə həvəs göstərsin. Amma siz ictimai nəqliyyatı elə günə qoyubsunuz ki, marşrutla yalnız əlacsız adamlar gedir. Əgər bilsəniz ki, həmin avtobusda hər gün beş məmur gedir, hər avtobusa əlavə kondisioner qoyub xüsusi sürücü təyin edərsiniz. Qəsəbələrə işləyən ictimai nəqliyyatda əbədi olaraq icra nümayəndəsinin özünü, bələdiyyə sədrini, məktəb direktorunu görə bilməzsiniz. Çünki normal şərait yoxdur, natəmizlikdir. Bütün bu problemlər ona görə baş alıb gedir ki, normal nəzarət yoxdur. Heç olmasa sürücülərə diqqət edin, işə götürəndə araşdırın. Son zamanlar narazılıq həddən artıq çoxalıb”.

Bir cavab yazın

Back to top button