Xəbərlər

Fidanın Rusiya səfərinin əsas mövzusu nə olacaq? – Politoloq

“Türkiyə xüsusilə Suriyada həlledici qələbə qazanaraq regionda kifayət qədər güclənib, Rusiyanın mövqeyi isə zəifləyib; taktiki və strateji rəqib olan bu iki güc arasında keçiriləcək görüşdə Ankara yeni geosiyasi maraqlarını diqtə edəcək və Ukrayna müharibəsi üzrə İstanbul danışıqları yenidən masaya qayıda bilər”.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya reallaşacaq strateji səfərini, iki ölkə arasında formalaşan yeni regional şərtləri və gizli geosiyasi rəqabəti Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

“Moskva Ankaranın Artan Geosiyasi Mövqelərini Qəbul Etmək İstəmir”

Ekspert qeyd edib ki, Hakan Fidanın Rusiyaya səfəri son illər ikitərəfli əlaqələrdə yaranan soyuq münasibətlərdən qaynaqlanır. Türkiyənin regionda tərəziləri öz xeyrinə dəyişdiyini bildirən politoloq, Kremlin bu vəziyyətdən narahat olduğunu vurğulayıb:

“Türkiyə regionda kifayət qədər güclənib. Xüsusilə, Suriyada həlledici qələbə qazanıb. Bu gün Rusiyanın mövqeyi isə kifayət qədər zəifləyib. Yeni regional şərtlər formalaşır və Türkiyənin yeni geosiyasi maraqları var. Rusiya ilə daim normal münasibətlər sistemi qurulsa da, Moskva Ankaranın artan geosiyasi mövqelərini qəbul etmək istəmir. Hətta bir müddət gündəmdə olan Ərdoğan-Putin görüşü də məhz Kreml tərəfindən təxirə salınmışdı. Rusiya və Türkiyə arasında daim geosiyasi rəqabətlər olub. Tərəflər bir müddət yaxınlaşsa da, taktiki və strateji olaraq rəqibdir. Lakin indi Türkiyə güclü tərəfdir”.

“İstanbul Danışıqları Yenidən Baş Tuta Bilər”

MCP rəsmisi Hakan Fidanın Rusiya rəsmiləri ilə keçirəcəyi müzakirələrin əsas tezislərini və Ermənistan faktorunu diqqətə çatdırıb:

“Fidanın Rusiyaya səfərində əsasən Ukrayna məsələsi müzakirə predmeti olacaq. Həmçinin ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafı əsas müzakirələr sırasında olacaq. Eyni zamanda, Türkiyə Ermənistanla bağlı məsələni də Rusiya ilə müzakirə edəcək. Hesab edirəm ki, bu görüşün nəticəsi olaraq Ukrayna-Rusiya arasında yenidən vasitəçilik üzrə İstanbul danışıqları baş tuta bilər. Çünki mövcud şəraitdə Rusiya da Türkiyənin vasitəçiliyinə maraqlıdır”.

Bir cavab yazın

Back to top button