Xəbərlər

Gürcüstan Azərbaycana qarşı böhtanlara hüquqi qiymət verməlidir… – Ekspert

“David Qareci” (Keşikçidağ) monastır kompleksinin hər hansı bir hissəsinin Azərbaycana satılması barədə iddialar tamamilə yalandır və heç bir real fakta əsaslanmır. Gürcüstanda bəzi siyasi dairələrin öz aralarında bir-birini ittiham edərkən əsassızca bu cür ifadələr işlətməsi doğru deyil. Siyasilər gərək qonşu və dost ölkəyə qarşı həmişə ehtiyatlı və diqqətli olsunlar. Həm Gürcüstan, həm də Azərbaycan tərəfi rəsmi olaraq belə bir torpaq satışı və ya sövdələşməsinin baş vermədiyini dəfələrlə bəyan ediblər.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.

“Daxili Siyasi İntriqalar…”

Dinşünas Gürcüstandakı daxili siyasi çəkişmələrin fəsadlarına və hüquqi reallıqlara diqqət çəkib:

“Gürcüstanın daxili siyasətində, xüsusilə keçmiş baş nazir İrakli Qaribaşvili ilə hazırkı baş nazir İrakli Kobaxidze və hakim “Gürcü Arzusu” partiyası arasındakı gərgin mübarizə fonunda ortaya atılan bu iddialar siyasi manipulyasiya xarakteri daşıyır. Qaribaşvili korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə azadlıqdan məhrum edilib. Həbsxanadan göndərdiyi məktublarda o, öz həbsini siyasi intiqam adlandırır və hazırkı hökuməti zəiflətmək üçün müxtəlif iddialar irəli sürür. İnsan hüquqları fəalı Lazar Corbenadzenin intiharını hazırkı baş nazir İrakli Kobaxidzenin sifarişi ilə törədilmiş qətl kimi qələmə verməyə çalışan Qaribaşvili, bunun guya “David Qareci”nin Azərbaycana “satılması” sənədini gizlətmək məqsədi güddüyünü iddia edir. Gürcüstan hüquq-mühafizə orqanları bu iddiaların tamamilə əsassız olduğunu bildirərək istintaq aparıb. Hüquqa və hər iki ölkənin konstitusiyasına əsasən, delimitasiya olunmamış dövlət sərhədləri üzərindəki mübahisəli ərazilər alqı-satqı predmeti ola bilməz”.

“Azərbaycan Ərazini Satın Almayıb…”

MCP rəsmisi monastır kompleksinin yerləşdiyi ərazinin tarixi-coğrafi statusunu izah edib:

“’David Qareci’ monastır kompleksi Gürcüstan və Azərbaycan sərhədində yerləşir. Udabno və Çiçxitura monastırları yerləşən cənub yamacı 1920-ci illərdə Stalinin qərarı ilə müəyyən edilmiş inzibati sərhədlərə görə Azərbaycan SSR-in, hazırkı Ağstafa rayonunun ərazisinə düşüb. SSRİ dağıldıqdan sonra sərhədin təxminən 70%-i razılaşdırılsa da, monastırın yerləşdiyi strateji yüksəklik hələ də tam delimitasiya olunmayıb. Azərbaycan tərəfi bu yüksəkliyi hərbi-strateji əhəmiyyətinə görə öz ərazisi hesab edir və qoruyur. Yəni, Azərbaycan ərazini Gürcüstandan ‘satın almayıb’, bura sovet xəritələrinə əsasən iddia olunan və hazırda diplomatik yolla həll edilməyə çalışılan mübahisəli sərhəd xəttidir. Gürcüstan hakimiyyəti Azərbaycana qarşı bu cür əsassız ittihamlar səsləndirən siyasilərə qarşı yeni hüquqi tədbirlər görməlidir”.

Bir cavab yazın

Back to top button