Xəbərlər

Güclü fermer, təhlükəsiz dövlət: deputatdan dirçəliş formulu

Kənddə həyat keyfiyyətini yüksəltmədən və fermerə real dəstək mexanizmləri yaratmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil.

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Milli Məclisin növbəti iclasında kənd təsərrüfatının inkişafı, regionların sosial-iqtisadi dirçəlişi və ərzaq təhlükəsizliyi ilə bağlı fundamental təkliflərlə çıxış edib.

“Qısamüddətli və yüksək faizli kreditlər effektsizdir”

MCP başqanı çıxışında ilk növbədə fermerlərin maliyyə resurslarına çıxış problemini qabardıb. O, qanunvericilik səviyyəsində şəffaf və əlçatan kredit mexanizminin vacibliyini vurğulayıb:

“Bu gün bir çox fermerlər maliyyə resurslarına çıxışda ciddi çətinliklərlə üzləşir. Qısamüddətli, yüksək faizli kreditlər kənd təsərrüfatı kimi mövsümi və riskli sahə üçün effektiv deyil. Fermer torpağa yatırım edərkən, texnika alarkən və ya heyvandarlığı genişləndirərkən sabaha əmin olmalıdır. Dövlət tərəfindən dəstəklənən uzunmüddətli və sabit maliyyə mexanizmləri isə bu etimadı formalaşdıran əsas amillərdən biridir.”

Aqrar sığorta və torpaq icarəsində bürokratiya səddi

Millət vəkili aqrar sığorta sistemindəki mürəkkəbliyin və torpaq icarəsi zamanı yaranan bürokratik maneələrin istehsalçını ruhdan saldığını qeyd edib:

“Biz elə bir aqrar sığorta modeli formalaşdırmalıyıq ki, o həm sadə, həm sürətli, həm də real qoruyucu mexanizm rolunu oynasın. Əgər sığorta mexanizmi mürəkkəbdirsə, sənədləşmə ağırdırsa və real kompensasiya təmin etmirsə, fermer bu sistemə etibar etməyəcək. Eyni zamanda, torpaq icarəsi və istifadəsi ilə bağlı prosedurlar əsaslı şəkildə yüngülləşdirilməlidir. Bu gün bir çox gənc fermer torpaq əldə etmək üçün həddindən artıq bürokratik maneələrlə üzləşir. Bu isə təşəbbüskarlığı azaldır, investisiya marağını zəiflədir.”

“Kənddə emal müəssisələri açılmalıdır”

Regionlarda iqtisadi aktivliyi artırmaq üçün məhsulun yalnız yetişdirilməsi deyil, həm də yerində emal edilməsi zərurətini toxunan parlamentari, vergi güzəştləri ilə bağlı çağırış edib:

“Məhsul yalnız yetişdirilməməli, eyni zamanda yerində emal edilməli, əlavə dəyər yaradılmalıdır. Bu, həm fermerin gəlirini artırar, həm yeni iş yerləri açar, həm də regionlarda iqtisadi aktivliyi gücləndirər. Kənddə emal sənayesi inkişaf etdikcə nəqliyyat xərcləri azalacaq, məhsul itkisi minimuma enəcək və daxili bazar daha stabil təmin olunacaq.”

Gənclərin şəhərə axını necə dayandırılsın?

MCP başqanı vurğulayıb ki, bu islahatların ana xətti kənd yerlərini gənclər üçün cəlbedici etməkdir:

“Əsas məqsəd kənddə həyatın keyfiyyətini yüksəltmək, gənclər üçün perspektiv yaratmaq, onların kütləvi şəkildə şəhərlərə köçünün qarşısını almaqdır. Kənddə iş, gəlir və sosial təminat varsa, gənc də, ailə də öz doğma torpağında qalmağa üstünlük verəcək. Güclü kənd təsərrüfatı – güclü iqtisadiyyat, sosial sabitlik və milli təhlükəsizlik deməkdir.”

Deputat çıxışının sonunda qeyd edib ki, ərzaq təhlükəsizliyi artıq iqtisadi məsələdən daha çox strateji dövlət marağına çevrilib və bu sahədə sistemli islahatlar gecikdirilməməlidir.

Bir cavab yazın

Back to top button