Xəbərlər

Gözləyirlər ki, kimsə ölsün, sonra gəlib… – MCP rəsmisi

İctimai nəqliyyatın istifadə etdiyi əsas yolda hündür və qəzalı bir hasar hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Hasar elə formadadır ki, əks tərəfdən kiçik bir təkan olsa, piyadaların, məktəblilərin və marşrut avtobuslarının üstünə aşacaq. Üstəlik, həmin hasarın ortasından qaz kəməri keçir. Amma aidiyyəti məmurlar hər gün bu yoldan keçsələr də, sadəcə gözləyirlər… Gözləyirlər ki, kimsə ölsün, qaz kəməri partlasın, sonra gəlib özlərini göstərsinlər.

Bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, dinşünas Tural İrfan Sosdem.az-a açıqlamasında məmur məsuliyyətsizliyini və sosial laqeydliyi tənqid edərkən deyib.

MCP rəsmisi bildirib ki, küçələrdəki qəzalı ağaclardan tutmuş dağılmaqda olan tikililərə qədər hər şeyə münasibət eynidir:

“Niyə belədir? Çünki bəzi məmurlar Azərbaycana Vətən kimi yanaşmırlar. Həmin məmur görsə ki, öz evində divar əyilib yaxud elektrik naqilinin üstü açılıb, dərhal usta çağırar ki, ailəsinə zərər gəlməsin. Amma xalqı ögey, dövləti isə özgə hesab etdiyi üçün bu problemləri görməzdən gəlir. Sanki bu ölkədə müvəqqəti olaraq talamaq, pul yığmaq üçün kirayədə yaşayır, vəzifəni də icarəyə götürüb. Özünü vətənində yox, başqa ölkəyə işləməyə gedən mühacir kimi aparır: nə bacarırsan istifadə et, uçub-dağılanı görmə”.

Başqan müavini vətənpərvərliyin dildə deyil, əməldə olduğunu xüsusi vurğulayıb:

“Başının üstündən bayraq asmaqla Vətəni sevmək olmur. Vətəni sevmək onun əyilmiş daşını düzəltmək, yıxılan sakininin qolundan tutmaqdır. Vətənə bağlılıq torpaq talamaq, rüşvətdən həzz almaq deyil, ona təmənnasız xidmət etməkdir. Barmağınızı qatlayın görək belə məmurlar nə qədərdir və haradadır? Gedib ətəyində namaz qılaq… Bu sistemli laqeydlik və ‘icarədar’ təfəkkürü dəyişməyincə, vətəndaşın təhlükəsizliyi hər zaman risk altında qalacaq”.

Bir cavab yazın

Back to top button