Xəbərlər

Faciələr üzərində ictimai, siyasi dividend qazananlar – Razi Nurullayev

Faciəvi təyyarə qəzası ilə bağlı üzüldüyümü bildirmək, həlak olanlara rəhmət, yaralılara tezliklə sağalmalarını arzulayıram. Qeyd etməliyəm ki, qəza ilə bağlı Azərbaycan dövlətinin atdığı addımlar təqdirəlayiq idi. Xüsusən, cənab prezidentin səfərini yarımçıq qoyaraq ölkəyə dönməsi, hava limanında müşavirə keçirməsi və anında lazımi göstərişləri verməsi dövlətimiz haqqında hər kəsdə xoş hisslər oyatdı.

Bu sözləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

O, atılan operativ addımlara görə hökumətə təşəkkürünü bildirib:

“Bu operativ addımlara görə cənab Prezidentə, hökumətə, AZAL-a təşəkkürümü bildirirəm. Anında psixoloqların, həkimlərin, xilasedicilərin, Fövqəladə Hallar Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, hüquq-mühafizə orqanlarının qəza yerinə göndərilməsi, bunun fonunda operativ məlumatların açıq-aşkar verilməsi dövlətimizin nə qədər oturuşmuş olduğunun göstəricisi oldu. Bu qəbildən Qazaxıstan xalqına də təşəkkür edirəm. Onlar əsl qardaşlıq nümunəsi göstərdi”.

MCP başqanı çətin günlərdə həmrəylikdən yana olduğunu vurğulayıb:

“Ölkədə fəaliyyət göstərən siyasi partiyalar, o cümlədən rəhbərlik etdiyim Milli Cəbhə Partiyası da birlikdə təyyarə qəzası ilə bağlı birlik, həmrəylik bəyanatı yayımladı. Bir daha ümumilli məsələlərdə heç bir fikir ayrılığımızın olmadığını nümayiş etdirdik”.

Deputat günahkarların tezliklə cəzalarını çəkəcəklərinə ümidli olduğunu qeyd edib:

“Sərnişinləri və təyyarəni xilas etmək üçün əlindən gələni edən və az qala möcüzə yaradan pilotlar və ekipaj üzvləri qəhrəmandır. Hər iki pilotun və stüardessa xanımın ruhu şad olsun. Onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sağ qalanlara tezliklə sağlamlıqlarına qovuşmasını arzulayıram. İnanıram ki, dövlətimiz onların əməyini layiqincə qiymətləndirəcək. Xüsusən, cənab Prezidentin belə məsələlərə həssas münasibətinin şahidi olmuşuq.

İnanıram ki, istintaq tezliklə yekunlaşacaq, günahkarlar ya cəzalanacaq, ya da vəziyyətdən asılı olaraq üzr istəyəcəklər. Çünki, ortada yayılan məlumatlar humanizm prinsiplərinin pozulmasını və insan həyatına amansız laqeydliyi ortaya qoyur”.

Razi Nurullayev dar günlördə xalqın həmrəyliyinin vacibliyini vurğulayıb:

“Sonda demək istəyirəm ki, ölkənin dar və çətin günlərində xalq həmrəy olmalıdır. Kim faciələr üzərində ictimai, siyasi dividend qazanmaq istəyirsə o azərbaycanlı deyil. Gedib millətini dəyişsin. Sosial şəbəkələrdə, şərhlərdə nə qədər nifrət, söyüş, laqeydlik və korluq-karlıq var. Dövlətin, siyasətin, diplomatik qaydaların və gələcək perspektivlərin nə olduğunu bilməyənlər ağzına gələni danışır və yazır.

İlahi, bizə nə olub belə?

Allah xalqımızı, dövlətimizi bütün növ bəlalardan, şər-böhtan yayanlardan, cahillərdən qorusun”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu