Xəbərlər

Gərginlik artacaq, Rusiyaya qarşı yeni koalisiya… – ŞƏRH

Rusiya-Ukrayna savaşında hazırkı durumda faktiki olaraq hərbi üstünlük Moskvadadır və irəliləyir. Ona görə də Kreml Ukraynanın tələblərinə, yaxud Ukrayna tərəfində olan dövlətlərin çağırışlarına məhəl qoymur…

Sosdem.az xəbər verir ki, bunu “İnformator.az”a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.

Ekspert bildirib ki, siyasi analizlər, müşahidələr göstərir ki, Rusiya və Ukrayna arasında davam edən müharibənin ən azı atəşkəslə nəticələnməsi üçün güc və siyasi balansı tənzimləmək lazımdır:

“Balansı uyğunlaşdırmaq üçün də Ukraynaya Avropa İttifaqının verdiyi silahlar kifayət etmir. ABŞ-nin müdaxiləsi baş verərsə, Rusiya geri çəkilməsə belə ən az dayanmağa məcbur olar. ABŞ-nin Prezidenti Donald Tramp məsələyə bir qədər bəsit yanaşır, yaxud Rusiya ilə münasibətləri tam korlamaq istəmir. Odur ki, bəzən verdiyi bəyanatlar işin ziyanına qiymətləndirilir. Sanksiyalar da daxil olmaqla təsirli vasitələri nədənsə işə salmaqda tərəddüd edir. Məsələ Rusiya ilə gərginliyi artırmaqdan getmir, məsələ odur ki, Rusiyaya qarşı təsirli diplomatik, hərbi addımlar atılmalıdır. Bu addımların atılmaması imkan verir ki, Rusiya Polşa və digər ölkələrə qarşı da artıq müharibə elan etmək cəsarətinə çatıb.

Şübhəsiz ki, İsrail-Həmas arasındakı müharibənin taleyini öz xeyrinə həll etmək istəyən İsrail ABŞ-nin başının Rusiyaya qatışmasını istəmir. Düşünür ki, bu zaman diqqət İsraildən və ona dəstəkdən yayına bilər. Yaxud ABŞ-Rusiya gərginliyi artarsa, gedişat İsrailin xeyrinə olmaya bilər. Odur ki, yəhudi lobbisinin ABŞ hökumətinə təsiri böyükdür. Ancaq artıq Avropa dövlətlərinin də ABŞ-yə təzyiqi və problemin dərinləşməsi Trampı məcbur edir ki, qətiyyətli addımlar atsın. Bunu yeni gərginliyin başlanğıcı saymaq olar”.

MCP rəsmisi qeyd edib ki, ABŞ-nin indiyə qədər səbrli davranması, Avropa İttifaqı ölkələrinin də müəyyən qədər tərəddüdlü addımları sona çatmaq üzrədir:

“Çünki Rusiyanın son hərəkətləri ABŞ da daxil olmaqla böyük güclərin strateji hədəflərinə təhlükə yaratmaqdadır. Odur ki, gərginlik artacaq və Rusiyaya qarşı NATO-nun da daxil olduğu koalisiya formalaşacaq. Trampın etirafı Ukrayna üçün yeni işıqlı üfüqün görünməsi anlamına gəlir. Çünki Zelenski ABŞ-nin Ukraynaya daha ciddi və təsirli dəstək verməsini istəməklə yanaşı, Rusiyaya qarşı da həlledici addımların atılmasını gözləyirdi. Ukraynanı Rusiyaya yem etmək ABŞ-nin və Avropa İttifaqının məğlubiyyəti deməkdir ki, bunun da çox ağır nəticələri ola bilər.

Düşünmək lazımdır ki, Ukrayna-Rusiya məsələsində balans həddən artıq pozulub. Belə olduğu halda ABŞ-nin Rusiyadan atəşkəs, danışıqlar, sülh gözləməsi gülüncdür. Rusiyanı buna hazırlamaq, məcbur etmək əzmi də Ukraynada yoxdur. Demək işə ABŞ və Avropa İttifaqı ölkələri qarışmalıdır. Rusiyaya qarşı ciddi və təsirli addımlar atılarsa, onun geri çəkilməsi, hətta sülhə getməsi də mümkündür. Təbii ki, sonrakı proseslərdə də tutduğu torpaqlardan çəkilməsi prosesinin baş tutması üçün daha təsirli vasitələr işə düşməlidir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu