Xəbərlər

Gəncliyə dəstək olmamaq, xalqın gələcəyini qaranlığa qərq etməkdir – Ehtiram Mehdiyev

Son günlər ən çox eşitdiyimiz və müzakirə etdiyimiz mövzu yeni ailə quranların evsizlikdən şikayət etməsidir. Bu gün Azərbaycanda gənc ailələrin demək olar ki, 70%-nin ev problemi var. Evi olanlar da ya valideyinlərinin yanında yaşayır, ya da yüksək faizli ipoteka şərtlərindən istifadə edirlər.

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev deyib. Sədr müavini evsizliyin boşanmaların artmasına səbəb olduğunu deyib:

“Maraq üçün statistikaya baxdım. Hər il 15 mindən artıq nigah bağlanır. Təəssüflər olsun ki, hər il nigahda olanların 7 mini boşanır. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15065 nikah və 6920 boşanma halları qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Bu rəqəmlər günü-gündən artan xətlə davam edir. Səbəblər isə çoxdur. Ən əsas səbəblərdən biri işsizlik və gənc ailənin ayrıca mənzilinin olmamasıdır. Buna görə də gənclər ailə qurmaqdan çəkinir. Çünki, qurulan hər bir ailənin ailəni bir arada tutacaq bir mənzili olmalıdır.

Azərbaycan əhalisinin xeyli hissəsi gəncdir. Ara-sıra Milli Məclisdə gənc ailələrin mənzil probleminin həlli istiqamətində müəyyən addımlar atılsa da, hələlik istənilən nəticə əldə olunmayıb. Çünki bu problemin həllinə kifayət qədər can yandırılmır”.

Deputat köməkçisinin sözlərinə görə, bu gün mövcud ipoteka şərtləri gənc ailələrin hamısına mənzil sahibi olmaq imkanı vermir:

“Bunun üçün ilkin ödənişi aradan qaldırmaq və faiz dərəcəsini yüngülləşdirmək lazımdır. Həm uzunmüddətli, həm də çox ağır şərtlər gəncləri bu addımı atmaqdan çəkindirir. Eyni zamanda gənclər üçün olan mövcud güzəştlər yalnız Bakı və Abşeron yarımadasında deyil regionlarda da tətbiq edilməlidir. Bu da regionlardan şəhərə köçənlərin qarşısını almış olacaq. Sosial mənzillərin saylarını artırılmalı və tikintisi də tezləşdirilməlidir.

Hər bir gəncin öz evində ailə çırağını yandırmaq haqqı var. Bugün bu gəncliyə dəstək olmamaq, bu xalqın gələcəyini qaranlığa qərq etməkdir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu