Gənclər soisial sıxıntılara görə ailə qurmaq istəmirlər… – MCP rəsmisi

“Ölkədə uşaq pulunun verilməməsi, gənclərin maddi və sosial problemlər üzündən evlənməyi təxirə salaraq ölkəni tərk etməsi və nikahların sayının Gürcüstan və Ermənistandan daha aşağı düşməsi gələcəkdə Azərbaycanı ağır demoqrafik böhranla və dövlətin zəifləməsi riski ilə üz-üzə qoyur”.
Bu barədə ölkədəki ailə institutunun vəziyyətini, uşaq pulu ətrafındakı müzakirələri və rəsmi statistikanın doğurduğu təhlükələri Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Rafiq Daşdəmirli bildirib.
“Nikah Sayında Gürcüstan və Ermənistandan Geri Qalırıq”
Partiya funksioneri rəsmi parlament müstəvisində uşaq puluna yanaşmanı tənqid edərək, regional statistik müqayisələri diqqətə çatdırıb:
“Ölkədə uşaq pulunun verilməsi ilə bağlı neçə illərdir parlament kürsüsündən səsləndirən deputatların sayısı deyərdim ki, barmaqla sayılacaq qədər az sayıdadır. Məsələ o yerə gəlib çatıb ki, hətta uşaq pulu haqda danışılanda bəzi deputatlar onun əleyhinə çıxırlar. Ölkəmizdə uşaq pulu niyə verilmir? Ölkəmizdə uşaqlara qayğı niyə son dərəcə ağırdır? Nədən ölkəmizdə doğulan uşaqların sayı günbəgün azalır? Qonşu Gürcüstan və Ermənistanda uşaq pulu məsələsi neçə illər əvvəl həll olunub. Azərbaycanda isə bu məsələ son dərəcə ağır duruma çatıb. Ölkəmizdə uşaq pulu verilmir, uşaqların sayısı azalır, nikahlar çox aşağı düşüb, evlənənlər azalıb. Azərbaycan hətta Avropanın bəzi ölkələrindən belə nikah sayında geri qalır. Avropada min nəfərə düşən nikah sayısı qonşularımız olan Gürcüstanda 6 nəfər, Ermənistanda 5 nəfər olduğu halda, Azərbaycanda bu rəqəm 4 nəfərdir”.
“Gənclər Maddi və Sosial Problemlər Üzündən Ölkədən Baş Götürüb Gedirlər”
Ailələrin kiçilməsi və miqrasiya faktorunun demoqrafik gələcəyə vurduğu zərbələri şərh edən MCP rəsmisi təhlükənin miqyasını qeyd edib:
“Uşaqların sayının azalmasını birincisi ölkəmizdə getmiş Qarabağ müharibəsi ilə əlaqələndirirlər. Çox doğru, bu da uşaqların sayının artmasına təsir edən amillərdəndir. Amma bu təsirli amil heç də digər təsir edici amillər qədər ağır deyildir. Dünyada uşaqların sayının azalması ilə bağlı əksər dövlətlər, hətta Pribaltika ölkələri nikah sayının aşağı düşməsi ilə bağlı dövlət səviyyəsində tədbirlər paketi hazırlayıblar. Bizdə isə indi əvvəlki illərdən fərqli olaraq uşaqların sayısı sürətlə aşağı düşməkdədir. Hər yeni qurulmuş ailələr bir və ya iki uşaqla kifayətlənirlər. Bu isə gələcəkdə ölkəmizin çox ağır demoqrafik vəziyyətidir. Demoqrafik vəziyyət isə ölkə əhalisinin sayının azalması, gələcəkdə dövlətin zəifləməsi deməkdir. Ən önəmli faktorlardan birincisi ölkədə insan resurslarının azalmasıdır. Çünki bu gün çox gənclərimiz maddi və sosial problemlər üzündən evlənməyi təxirə salaraq, yaşamaq üçün ölkədən baş götürüb gedirlər”.

“Hökumət Aktiv Hərəkətə Keçməli və Kompleks Tədbirlər Paketi Hazırlamalıdır”
Başqan müavini yaranmış böhrandan çıxış üçün hökumətə konkret strateji çağırışlar edib:
“Məhz bu amilə görə Hökumət aktiv hərəkət etməli, gənclərin işləməsi, evlənməsi və daha çox uşaq sahibi olması üçün kompleks planlı, əlçatan tədbirlər paketi hazırlamalıdır. Hökumət birmənalı olaraq boşanmaların sayının azalması üçün qanunlarda dəyişiklik etməli, boşanma səbəbləri araşdırılmalı və kəskin surətdə qarşısını almalıdır. Ailə institutlarının dağılması, boşanmaların sayının artması, gənclər arasında ailə qurmağa marağın çox aşağı olması illərdir əhalinin azalmasına səbəb olur və bu proses ölkələri dərin düşünməyə vədar edib. Hökumət gec olmayaraq demoqrafik vəziyyəti düzəltmək üçün strateji yanaşma aparmalı, ölkənin gələcəyi naminə tədbirlər görməlidir”.