Gəncin cızmaqarası görünür, məmurun dağıtdığı milyonlar yox… – MCP rəsmisi

Paytaxtın nəhəng infrastrukturunu ‘cızma-qara’ edən, milyonlarla vəsaiti havaya sovuran məmurlara qarşı niyə eyni sərtlik göstərilmir? Bu, dövlətə, millətə xəyanətdir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyası-nın başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən ADA Universitetinin tələbəsi, 20 yaşlı Ardeshir Seyfpour Saad Abadinin həbsinə münasibət bildirərkən deyib.
MCP rəsmisi son günlər müşahidə olunan subasmalara və korrupsiya meyillərinə toxunaraq, qanunun hamı üçün bərabər işləməli olduğunu sərt şəkildə vurğulayaraq, yeni təyin olunan bəzi kadrların ümidləri doğrultmadığını və vəzifədən şəxsi maraqlar üçün istifadə etdiyini qeyd edib:
“Bəzən etdiyimiz tənqidlər sərt görünə bilər, amma təriflə heç bir problem həll olunmur. Çox zaman yeni təyin olunan məmur haqqında ümidlə danışırıq, amma bir müddət sonra görürük ki, həmin şəxs öz qohum-əqrəbasını ətrafına toplayaraq yeyintinin miqyasını genişləndirir. Bu, sadəcə qanun pozuntusu deyil, dövlətə, Prezidentə və millətə xəyanətdir. Dövlətə sədaqət tələb edən vəzifələr şəxsi qazanc mənbəyinə çevrilməməlidir”.
Deputat köməkçisi paytaxtın beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bir dövrdə infrastrukturun bu qədər zəif olmasını ciddi sual altına alıb:
“Son günlər qeyri-sabit hava şəraiti bir daha göstərdi ki, yol, kanalizasiya və şəhərsalmaya ayrılan böyük vəsaitlər düzgün xərclənməyib. Günlərdir qəsəbələrdə insanlar suyun içində qalıb. Sanki hər şey Allahın ümidinə buraxılıb ki, su öz-özünə çəkilsin. Keşlə qəsəbəsində baş verən subasma da bunun növbəti acı nümunəsidir. Görülən işlər ya yoxdur, ya da tamamilə nəticəsizdir”.

E.Mehtiyev xırda xətalarla böyük yeyintilər arasındakı hüquqi yanaşma fərqini tənqid edib:
“Bir neçə gəncin divarı cızmasına görə dərhal cinayət işi açılır – bu təbiidir, qanun işləməlidir. Lakin paytaxtın nəhəng infrastrukturunu “cızma-qara” edən, onu yararsız hala salan məmurlara qarşı niyə eyni sərtlik və prinsipiallıq göstərilmir? Milyonlarla vəsaiti havaya sovuranlar niyə məsuliyyətə cəlb edilmir? Cəmiyyət məhz bu sualın cavabını gözləyir”.