Xəbərlər

Futbolda tapşırıq və tanışlıq sisteminə son qoyulmalıdır… – Deputat

“Azərbaycanda dünya səviyyəsində futbolun olmaması və millinin uğursuzluğu fonunda yeganə parlaq istisna yalnız “Qarabağ” klubunun fərdi uğurudur. Ümumi sistemin dirçəlməsi üçün isə futbola yanaşma kökündən dəyişməlidir”.

Sosdem.az xəbər verir ki, bu barədə ölkə futbolundakı ciddi təzadları, uşaq idmanının problemlərini və idarəetmədəki neqativ halları şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bildirib.

Millət vəkili qeyd edib ki, klublarda legionerlərin çox olmasına pis baxmasa da, yerli kadrların yetişməsi üçün kənd və qəsəbələrdə kütləvilik təmin olunmalıdır. Onun sözlərinə görə, meydançaların yerində evlərin və obyektlərin tikilməsi böyük seçim imkanlarını məhdudlaşdırıb:

“Futbol intensiv bağçılıq və ya heyvandarlıq deyil ki, müəyyən çərçivəyə salıb ‘burada yetişməlidir’ deyək. Xeyr, futbolçu küçədə yetişməlidir. Sonra isə onu kluba gətirib peşəkar səviyyədə inkişaf etdirməlisən. Çatışmazlıqlarımız çoxdur, belə olmasaydı, bu gün bizim də futbolçularımız Avropanın aparıcı klublarında oynayardı. Hər bir kənddə yaxşı futbol meydançaları olmalıdır ki, uşaqlar orada oynasın, komandalar da geniş seçim edə bilsin”.

MCP başqanı vurğulayıb ki, futboldakı milyardların dövr etdiyi qlobal müstəvidə Azərbaycanda hələ də bu sahəyə sovet dönəmindəki hansısa sıravi idarə kimi yanaşılır. O, klublardakı tapşırıq və tanışlıq sistemini sərt tənqid edib:

“Futbolda tapşırıq olmamalıdır. Mən özüm “İmişli” rəhbərliyinə kimisə yalnız məsləhət və tövsiyə xarakterli deyə bilərəm, amma bu, təzyiq və ya göstəriş deyil. “Bu mənim qardaşımdır, dostumdur, ona görə oynamalıdır” – belə şeylər futbolumuzdan tamamilə yox olmalıdır. Komandalar oyunçuları seçərkən yalnız və yalnız onların bacarığını əsas götürməlidir”.

Bir cavab yazın

Back to top button