Fermer artıq öz torpağında yaşıllıq əsiri olmayacaq! – Deputat

Artıq fermerlər, kənd sakinləri öz pay torpaqlarında, kənd təsərrüfatı təyinatlı torpaqlarda, otları, kolları və ağacları kəsə bilər. Amma, bəzi şərtlər də var…
Sosdem.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı səsləndirib.
Millət vəkili dəyişikliklərin müsbət tərəflərini qeyd edərək, fermerlərin işini asanlaşdıracaq məqamları vurğulayıb:
“Qanuna əlavə edilən 13.1.7-ci maddə fermerlərə öz torpaqlarında daha səmərəli fəaliyyət göstərmək imkanı yaradır və uzun illər mövcud olan hüquqi boşluğu doldurur. Həmçinin, kolların kəsilməsi ilə bağlı tətbiq edilən “məlumatlandırma icraatı” bürokratik yükün azaldılması baxımından təqdirəlayiqdir. Fermerin əvvəlcədən məlumat verməsi və 10 gün ərzində etiraz olmazsa fəaliyyətə başlaması çevik yanaşmadır”.
Bununla belə, deputat tətbiq zamanı ortaya çıxa biləcək ciddi risklərə də diqqət çəkib:
“Birincisi, ağaclara münasibətdə bərpa dəyərinin saxlanılması fermerlər üçün ağır maliyyə yüküdür. Kənd təsərrüfatında gəlirlərin aşağı olduğunu nəzərə alsaq, yüksək bərpa rüsumları fermerin iqtisadi maraqlarını baltalayır. İkincisi, 10 günlük məlumatlandırma müddəti praktikada süni şəkildə uzadıla bilər. Təcrübə göstərir ki, müvafiq orqanlar müxtəlif bəhanələrlə prosesi aylarla, hətta illərlə uzadaraq fermerin fəaliyyətini bloklayır. Əgər bu mexanizmlər optimallaşdırılmazsa, qanunun niyyəti ilə tətbiqi arasında kəskin uyğunsuzluq yaranacaq”.

MCP başqanı əlavə edib ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklər mütərəqqi xarakter daşıyır və fermerlərin üzləşdiyi praktik problemlərin həllinə xidmət edir:
“Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqlarda fəaliyyətə mane olan yaşıllıqların götürülməsinə aydın hüquqi əsasın verilməsi mühüm yenilikdir. Lakin bərpa dəyərinin yüksək olması və inzibati prosedurların uzanma riski bu islahatın effektivliyini sual altına ala bilər”.