Fələstini müstəqilliyi kimə sərf edir? – ŞƏRH

İsrailin nəinki Qəzzaya, ümumiyyətlə Fələstinə qarşı keçirdiyi genişmiqyaslı əməliyyatlar başlayandan xristian Qərb dövlətlərinin “Fələstini müstəqil dövlət kimi tanıyacaqları” barədə bəyanatları əslində İsrailin lehinə işləyir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspertin sözlərinə görə, əsaslı ehtimal var ki, Qərbin – xristian dövlətlərin belə “çəkindirici” manipulyativ bəyanatları İsraillə razılaşdırılıb:
“Təbii ki, 1947-ci il BMT-nin elan etdiyi kimi, iki dövlət ərazisi qədər Fələstinin tanınmasını nəzərdə tutmur. Bu məsələ daha dərin və daha geniş təhlillərə ehtiyac duyur. Məsələ ondadır ki, Qərb və xristian dövlətlərinin bu bəyanatları, İsrailin başladığı işğalçı əməliyyatları konkret müddət daxilində yekunlaşdırmağa işarədir.
Maraqlıdır, hələ ki, heç bir müsəlman dövləti Fələstini müstəqil dövlət kimi tanıyacağını bildirməyib. Bu isə o deməkdir ki, İsrail faktiki olaraq Qəzzanı və digər əraziləri işğal etdikdən sonra, Fələstinin hazırda məhdud muxtariyyətlə idarə olunan ərazilərinin dövlət kimi tanınması məsələsi gündəmə gələ bilər. Yəni İsrail bu əraziləri işğal etdikdən sonra, dünya dövlətlərinin yerdə qalan ərazilər üzrə Fələstini hüquqi dövlət kimi tanıması, gələcəkdə İsrailə qarşı heç bir iddianın irəli sürülməsinə imkan verməyəcək”.

Ekspert qeyd edib ki, İsrailin qonşu müsəlman dövlətlərinə hücumları Tel-Əvivə psixoloji üstünlük yaradıb və artıq əksər müsəlman ölkələri üçün Fələstin məsələsi əhəmiyyət kəsb etmir:
“Qətərdə, Dohada müsəlman dövlətlərinin “Müsəlman NATO-su” yaratmaq ideyasının iflası aydındır və İsraili hələ birləşməyi planlaşdıran müsəlman birliyi dayandıra bilməz. Üstəlik, əksər ərəb dövlətləri ABŞ-nin nəzarətindədir. Ancaq bəzi müsəlman ölkələrinin iştirakı ilə hər hansı bir hərbi blok qurula bilər. Lakin, o da unudulmamalıdır ki, İsrailin belə birliyə qarşı 1967-ci il təcrübəsi var”.