Əsas meyar Azərbaycanın milli maraqlarıdır… – Deputat

“Sərhədi aşan, ölkədaxili həmrəyliyə xələl gətirən yanaşmalar doğru deyil. Hər bir vətəndaş bilməlidir ki, dövlətin rəsmi mövqeyi artıq açıqlanıb.”
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev qonşu İranda baş verən hadisələri və bu proseslərin ölkəmizə təsirini şərh edərkən deyib.
Millət vəkili bildirib ki, hər bir azərbaycanlı üçün əsas istinad nöqtəsi məhz Azərbaycanın dövlət maraqları olmalıdır:
“İranda baş verən hadisələr bizi təbii olaraq düşündürür və narahat edir. Qonşu ölkədə baş verən istənilən ciddi proses regionun ümumi sabitliyinə təsir göstərir. Xamneyinin vəfatı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən İran prezidentinə və İran xalqına başsağlığı ünvanlanıb. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi də baş verən proseslər və ümumilikdə müharibə ilə bağlı ölkəmizin rəsmi mövqeyini açıqlayıb. Bu mövqe dövlətimizin balanslı, beynəlxalq hüquqa söykənən və sabitliyi dəstəkləyən siyasətinin davamıdır və hər birimiz üçün əsas istinad nöqtəsi məhz budur.”
Deputat cəmiyyətdəki emosional reaksiyalara toxunaraq milli birliyi qorumağın vacibliyini vurğulayıb:
“Cəmiyyət daxilində fərqli emosional reaksiyaların olması anlaşılandır. Ancaq hesab edirəm ki, azərbaycanlı hər şeydən əvvəl öz dövlətinə bağlı olmalı, milli maraqları əsas götürməlidir. Biz dünyəvi və müstəqil dövlətik və xarici ölkələrdə baş verən hadisələrə münasibət bildirərkən ilk növbədə Azərbaycanın maraqları prizmasından çıxış etməliyik. Sərhədi aşan, ölkədaxili həmrəyliyə xələl gətirən və ya başqa dövlətlərin daxili siyasi gündəmini burada davam etdirməyə yönələn yanaşmalar doğru deyil.”

Sonda MCP başqanı vətəndaşları ayıq-sayıq olmağa səsləyib:
“Bu məsələdə əsas məqsəd ondan ibarətdir ki, cəmiyyət daxilində parçalanma və qarşıdurma yaranmasın. Xarici ölkədə baş verən hadisələrə fərqli münasibətlər ola bilər, lakin bu fərqlilik daxildə qarşı-qarşıya dayanmağa səbəb olmamalıdır. Hər bir vətəndaş bilməlidir ki, dövlətin rəsmi mövqeyi artıq açıqlanıb və beynəlxalq münasibətlər məhz həmin çərçivədə qurulur. Emosional yanaşmalardan daha çox, dövlət maraqları və milli həmrəylik əsas götürülməlidir.”