Ermənistanın “yarımçıq sülh” istəyi – Azərbaycana lazımdır?
Ermənistan rəsmiləri son günlər davamlı olaraq Azərbaycanla “yarımçıq sülh” imzalaması təklifləri irəli sürür. Son olaraq Ermənistan prezidenti Vahaqn Xaçatryan da “Röyters”ə deyib ki, yaxın dörd həftə ərzində Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir.
Müsavat.com-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, ABŞ dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında mövcud mətnin 13 bəndi üzrə müqavilə imzalanması üçün Nikol Paşinyana təlimat verib:
“Cozef Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında yarımçıq sülh müqaviləsinin bağlanmasını ona görə tələsik istəyir ki, daxildə seçki öncəsi reytinqini yüksəltsin.
Yarımçıq sülh mətni ABŞ administrasiyasının və Paşinyanın siyasi maraqlarına cavab verir. Hər iki hökumət daxildə siyasi reytinqləri kifayət qədər yüksəltməyi planlayır. Prezident İlham Əliyev isə hər iki hökumətin bu oyununu obyektiv olaraq pozur. Yarımçıq mətn imzalanarsa, Paşinyan da göstərəcək ki, sülh əldə etdik. Təbii ki, yekun sülh müqaviləsi olmayacaq. Perspektivdə İrəvanın yenidən manipulyasiyalara əl atmasına təminat yoxdur”.
M.Əsədullazadə açıqlayıb ki, ona görə də Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını üstün tutaraq regionda dayanıqlı sülhün əldə edilməsi üçün yekun sülh müqaviləsinin bağlanmasını şərt kimi irəli sürür:
“ABŞ və Ermənistan rəhbərliyi isə öz siyasi maraqları üçün yarımçıq sülh müqaviləsini ortaya atıblar. Prezident MDB sammiti çərçivəsində Paşinyandan fərqli olaraq, rus jurnalistin “sülh müqaviləsi bu il bağlana bilər” sualına bədən hərəkəti ilə “bilmirəm” dedi. Doğru olan budur! Azərbaycana yekun sülh müqaviləsi lazımdır”.