Ermənistan partlayış nöqtəsində: Kilsə-dövlət savaşı

Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, “Ana Kilsəsinin azad edilməsi prosesi başlanıb”.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Tural İrfan Sherg.az-a açıqlamasında, Ermənistanda kilsə və dövlət mübarizəsinin gərginlik həddinə çatdığını bildirib.
“Bu son və həlledici məqamdır. Məlum idi ki, Ermənistanda Kilsə açıq şəkildə Rusiyanın və digər xarici qüvvələrin siyasi maraqlarını güdür və onların dəstəyi ilə hakimiyyəti dəyişib fərqli fiqurları gətirmək istəyir. Uzun müddətdir ki, baş nazirin komandası keşişlərlə mübarizəyə zaman sərf edir. Kilsə artıq Ermənistanın sülh siyasətinə də ciddi maneə yaradır və bölgədə gərginliyə səbəb olur. Kilsə xadimləri demək olar ki, dindən başqa hər şeylə məşğul olurlar. Bu prosesə də Qaregin başçılıq edir. Onun vəzifəsindən uzaqlaşdırılması üçün kifayət qədər dəlillər var. Dini ənənələrə zidd həyat tərzi yaşadığı nəinki baş nazir tərəfindən, hətta fərqli siyasi qrup liderləri tərəfindən də artıq səsləndirilib. Qaregin din pərdəsi altında siyasi iddialar irəli sürür və dövlət içində ikinci dövlət olaraq Kilsəni görür. Lakin indiki hakimiyyət isə dinin dövlətdən ayrı olaraq yalnız mənəvi məsələlərdən məsul olduğunu göstərir”, – ekspert deyib.

Artıq Eçmiədzində Ana Kilsənin istismarçı qüvvələrdən azad edilməsi prosesinə başlanıldığını vurğulayan MCP rəsmisi qeyd edib ki, Ermənistan daxilində siyasi güc balansı ideoloji yöndən Paşinyanın irəli sürdüyü ideyalar üzərindən dəyişəcək.
“Artıq Kilsə türk, müsəlman düşmənçiliyi aşılayaraq bölgədə yalnız qanı, soyqırımı körükləyə bilməyəcək. Artıq Ermənistanda Kilsə xristian dininin təhrif olunaraq mənfi obrazda təqdim olunmasına son verməli olacaq. Kilsə-hakimiyyət qarşıdurmasının dərinləşməsi yalnız xarici güclər, əsasən Rusiya vasitəsilə baş verə bilər. Əks halda daxildə Kilsənin elə də böyük potensialı, sosial bazası yoxdur. Eçmiədzində keçiriləcək mitinqlər də həmçinin, xarici güclərin və agentlərin hesabına təxribat xarakteri ala bilər. Əks halda Kilsə tərəfdarları hakimiyyət üçün ciddi təhdid yaratmaq iqtidarında deyillər. Ümid edirəm ki, hakimiyyət keçiriləcək mitinqlərin təxribat xarakteri almaması üçün ölkə daxilində lazımi qabaqlayıcı tədbirləri görüb. Belə olduğu halda, əgər xarici təsirlərin qarşısı alınsa, bir neçə günə Ermənistanda Kilsə-hakimiyyət qarşıdurması həllini tapa bilər”, – şərhçi bildirib.