Xəbərlər

Ermənistan, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa borcludur – RƏY

Azərbaycan və Ermənistan arasında rəsmi sülh müqaviləsi imzalanana qədər müəyyən addımlar atılmalı, proses getməlidir. Ekspert vurğulayıb ki, Ermənistan Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri düzəltməyə borcludur.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a açıqlamasında deyib.

Politoloq əlavə edib ki, bu, erməni tərəfi üçün bir qədər ağır olacaq:

“Ermənistanın Türkiyə ilə münasibətləri qondarma “soyqırımı” iddiaları ilə yanaşı, keçmiş Qarabağ münaqişəsi səbəbindən də korlanmışdı. Lakin Qarabağ məsələsinin tam və hərtərəfli həlli, eyni zamanda Ermənistanın əsassız “soyqırımı” iddialarından vaz keçməsi durumunda bu münasibətlərin normallaşmasında heç bir problem yoxdur. Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh bəyanatının paraflanmasından sonra rəsmi sülhə doğru intensiv fəaliyyət davam etməkdədir. Habelə, Türkiyə və Ermənistan arasında de-fakto müəyyən münasibətlərin inkişafı ümumi sülhə və regionun sabitliyinə töhfə verir. Rəsmi sülh sazişi imzalanana qədər əlaqələr o dərəcədə sağlamlaşmalıdır ki, sülh sazişindən sonra heç bir ciddi problem qalmasın. Təmaslar, görüşlər, iqtisadi-ticari əlaqələrin həm Azərbaycan, həm də Türkiyə ilə sülh sazişindən sonra rəsmi hal alacağı labüddür”. 

Analitik qeyd edib ki, Türkiyə hər zaman bu münasibətlərdə Azərbaycanın mövqeyini nəzərə alır və maraqlarımıza toxunmadan müvafiq addımlar atır: 

“Sülh sazişinin təsdiqinə qədər aparılan bütün danışıqlar, görüşlər gələcək münasibətlərin sağlam təməlini formalaşdırmaq üçün zəruridir. Sərhədlərin açılması kimi məsələlər isə təbii ki, yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən sonra tam mümkün ola bilər. Azərbaycanla da dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin təması, görüşü, qarşılıqlı səfərləri baş tutur və bütün bunlar ümumi nəticəyə xidmət edir. Saziş imzalananadək baş tutan münasibətlər hər halda Azərbaycanın maraqlarından kənara çıxmamalıdır. Sülhdən sonra mümkün olan müəyyən iqtisadi və digər əlaqələrin vaxtından tez həyata keçirilməsi isə narahatlıq yarada bilər. Təbii ki, bütün bu məqamları Türkiyə rəsmiləri nəzərə almamış deyil”.

Bir cavab yazın

Back to top button