Ermənistan-Azərbaycan arasında daimi sülh mümkündür?
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılı olmayaraq, Azərbaycanın ən azı 1919-cu il Paris Sülh Konfransında tanınan sərhədləri bərpa edilməyənə qədər Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhdən söhbət gedə bilməz. Tərəflər arasında müxtəlif dövrlərə aid nisbi sakitlik mümkün olsa da, Azərbaycan SSRİ dövründə onun razılığı olmadan Ermənistana verilən ərazilərindən imtina edən deyil.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib. Onun sözlərinə görə Azərbaycan üçün regionda vacib fakt, Qərb xristian dünyasının farslar üçün yazdığı saxta tarixin İranı Azərbaycan, türk etnosu üçün təbii düşmənə çevirməsidir:
“İsrail-Həmas müharibəsinin də Azərbaycan üçün bir başa təsiri var. Azərbaycan bu müharibədə bir başa iştirak etməsə də, əslində tərəfdir. Savaşın başlanması, davam etməsi İranın siyasi-hərbi maraqlarına xidmət edir.
İran başlanmasına səbəbkar olduğu bu müharibə ilə nəinki, islam, ərəb ölkələrinini və hətta xristian ölkələrini də, idealoji və dəyişməz düşməni İsrailə qarşı çıxarır. Proseslərin gedişi ABŞ-la belə İsrail arasında vəhdəti pozub. İsrailin Həmasa qarşı yönəlməsi, İranın yaxın Şərqdəki siyasi-hərbi mövcudluğunu gücləndirməyə imkan verir.
İsrail-Həmas müharibəsi dünyada yəhudi lobbisinin nüfuzuna, mövqeyinə mənfi təsir edir. Müharibə İsrailin silah ixracını belə azaldıb. Ən vacib məqamlardan biri də budur ki, İsrail-Həmas (Fələstin) müharibəsi Rusiyanın Ukraynaya qarşı müharibəsində Qərbin konsolidasiyasına mənfi təsir edərək, Rusiyanın əlini gücləndirib. İsrail lobbisinin təsir imkanlarının, nüfuzunun azalması, silah ixracında müəyyən çətinliklərin ortaya çıxması, xüsusən İranın Azərbaycanla bağlı düşmənçilik siyasətinə uyğun və sərfəlidir.
Belə bir fikir də var ki, İsrailə qarşı bir sıra xristian ölkələrinin dönük çıxmasında, İsrail Azərbaycan münasibətləri və Azərbaycanın Ermınistanın və onun havadarları üzərində qələbəsi də müəyyən rol oynayıb hansı ki, bu səbəbdən İsrail cəzalandırmaq istəyən bir sıra Qərb ölkələri də var”.
“Erməni revanşist istəyinin və oturuşmuş milli düşüncə tərzinin mövcudluğu Azərbaycan üçün 1919-cu il sərhədlərini bərpası fürsətini yaradan amildir. Məhz buna görə də Paşinyan Azərbaycana o “fürsəti” verməmək üçün erməni düşüncə tərzini dəyişməyə çalışır” – başqan müavini fikrini tamamlayıb.