Erməni Kilsəsinin dövlətin sülh niyyətinə mane olur – Dünşünas

Erməni Qriqoryan Kilsəsinin rəhbəri 2-ci Qaregin baş nazir Nikol Paşinyan haqda müsəlman təbiri ilə desək “kafir hökmü” verib. Baş nazir də öz növbəsində onun subaylıq andına xəyanət edərək övlad sahibi olduğunu və istefa verməli olduğunu bəyan edib. Dinin, məscidin, kilsənin siyasətə, dövlətin işinə qarışması bax belə nəticələnir.
Bunu Sosdem.az-a açılamasında Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan deyib.
İlahiyyatçı bildirib ki, 1979-cu ildə Güney Azərbaycanda fars-şüubiyyə batini molla rejimi qurulanda, Təbriz əsilli ayətullah əl uzma Məhəmməd Kazım Şəriətmədari tələb edirdi ki, gəlin dini siyasətə qatmayaq, insanlara azadlıq və seçim hüququ verək, xalqlar azad olsun, məktəbi, dili azad olsun:
“Buna görə məlum rejim Təbrizi bombayıb əhalini qırmaqla hədələyərək alimi həbs edib ölənə qədər işgəncə altında saxladı. Həmçinin rejimin öndə gələn simalarından olan ayətullah Hüseynəli Müntəziri inqilabdan sonra əsasən azərbaycanlıların, bəhailərin və digər günahsız insanların məhkəməsiz kütləvi şəkildə edamına etiraz etdiyinə görə sıradan çıxarıldı və siyasi səhnədən uzaqlaşdırılıb karyerasına son verildi. O dövrdəki prezident Bəni Sədrin aqibəti də rejiminin qəddarlığına etiraz etdiyinə görə qaranlıq oldu.
Yenə Təbriz əsilli mərhum ayətullah Məhəmməd Hüseyn Təbatəbaidən soruşurlar ki, “İslam inqilabında” itkiləriniz çoxmu oldu? Alim cavab verir ki, təəssüf ki, bu inqilab nəticəsində İslamın özünü itirdik. Yəni, teokratik rejim istənilən vaxt öz seçdiyi ideologiya və yürütdüyü siyasətə uyğun gəlməyəndə ideologiyasını, siyasətini deyil, dini və dinin əsaslarını dəyişir, təhrif edir. Bəlkə də buna məcbur olur. Nəticədə din hörmətdən düşür. Şəriətmədari deyirdi ki, haçansa bu quruluş dəyişəcək. Bu hakimiyyətə nifrət edənlər, tənqid edənlər olaraq. Siz dini də dövlətə birləşdirdiyiniz üçün o zaman insanlar hakimiyyətlə birgə dinə də nifrət edəcək, ikrah edəcək. Yəni, törətdiyiniz əməllərə dini alət edib onun arxasında gizlənsəniz, xalq sonra sizlə bərabər dinə də nifrət edəcək”.

Şərhçi bildirib ki, oxşar ifadələri Nəcəf Elmiyyə hövzəsinin rəhbəri, Azərbaycan əsilli böyük ayətullah Əbülqasim Xoi də ifadə etmişdir:
“Əfqanıstanda bu gün Taliban hökuməti musiqi alətlərini, evlərdən fotoları, şəkilləri yığıb yandırır, qadınların azadlığını məhdudlaşdırır, demək olar ki, ev həbsinə məhrum edir. Mümkün qədər əhalini dünyadan, işıqdan təcrid edib zülmətə, mağaraya sürüyür. Amerika İraqı uşğal edib İrana təhvil verəndən sonra İraqda da orta əsr ənənələri, vəhşi mağara adətləri qayıdır, azyaşlı qızlarla evlənmək, istismar, vəhşi molla sürüsünün canavar xislətinə uyğun qaydalar bərpa olunur.
Çeçen atalar sözündə deyilir ki, tox molla ac canavardan daha təhlükəlidir. Bu gün adı çəkilən ölkələrdə mədəniyyəti, mənəvi, insani dəyərləri diri-diri udaraq həzm edən vəhşi molla sürücüsü tox olduğu üçün daha asan at oynada bilir.
Din dövlətə, siyasətə qarışmamalıdır. Siyasət zamana, tələblərə, quruluşlara görə dəyişir. Dinin isə özəyi dəyişmir, sadəcə özünəməxsus üsulda reform və islahata möhtacdır. Hərəsinin öz yolu, öz yeri var. Paralel addımlayıb dövlətə xidmət etməlidirlər. Lakin qarşı-qarşıya gəlməməli yaxud bir-birinin daxilinə qarışmamalıdırlar. Sui-istifadə hallarının, xarici müdaxilələrin qarşısını almaq üçün, eyni zamanda dini icmaların sağlam fəaliyyəti naminə dövlət din sahəsinə dəstək verə, nəzarətdə saxlaya bilər. Əslində bu zəruridir. Lakin dini qurum, icma, məscid, kilsə dövlətin işinə qarışa, müdaxilə edə, təsir göstərə bilməz. İxtilaf, münaqişə və didişmələrdən ayılıb əhalinin mənəvi yöndən qidalanmasında, milli-dini dəyərlərin aşılanmasında, əxlaq normalarının inkişafında ictimaiyyətə töhfə verə bilirsə verməli, əks halda qaş düzəltdiyi yerdə göz də çıxarmamalı, öz yerini bilməlidir”.
İlahiyyatçının sözlərinə görə, vaxtilə Erməni Apostol Kilsəsinə kənar təsirlər, müdaxilələr, əsasən Fransa və Rusiyanın siyasi yöndə öz maraqları naminə agentura şəbəkəsi yeritməsi bu gün kilsə-dövlət münasibətini gərginləşdirir:
“Ermənistanın əli ilə Türkiyə və Azərbaycana qarşı planlarını həyata keçirmək niyyətində olan dairələr düşünürdü ki, hakimiyyətlər dəyişir, amma kilsə dəyişmir, odur ki, əsasən kilsənin daxilində yerləşmək lazımdır. Xalqımıza qarşı tarixi soyqırımı aktlarının həyata keçirilməsi də erməni kilsəsinin “xeyir-duası” ilə baş tutub həmişə. “Böyük Ermənistan” xülyasını da məhz erməni kilsəsi ideoloji olaraq erməni cəmiyyətinin beyninə yeritmişdi. İndi Paşinyan görür ki, “Real Ermənistan” ideyasına həyat vermək üçün kilsənin ziyanlı ideyasından xalqı ayırmaq lazımdır. Ona görə deyir ki, kilsəni xalqa qaytarmalıyıq.
Erməni Kilsəsinin dövlətin sülh niyyətinə mane olması da əslində ideoloji problemdir. Ona görə erməni Kilsəsinin başına da dövlətin siyasətinə tabe olan, ən azı mane olmayan şəxsin gətirilməsi planlaşdırılır.
Əslində dini dəyərlərdən uzaq olan erməni kilsəsi xristian aləmi üçün də ziyanlı yol tutub. Özünü və xalqını təcrid edərək həm regionda həm də dünyada aqressiv, soyqırımçı, istismarçı və işğalçı kimliyi ilə tanınır. Fars molla rejimi İslam dinini xarab etdiyi və öz arzularına, ideoloji xəttinə uyğun təqdim etdiyi kimi erməni kilsəsi də xristianlığı, Qriqoryan cərəyanını qəddar, sülhə düşmən obrazda təqdim edir”.