Ermənistanın təxribatları və ikili standartlar müharibəni qaçılmaz etdi… – Deputat

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının tarixi yaddaşına, milli qüruruna və dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış müqəddəs bir tarixdir. Bu gün biz təkcə 44 günlük Vətən müharibəsinin başladığı günü deyil, həm də 30 illik həsrətə, ədalətsizliyə və torpaqlarımızın işğalına son qoyan böyük Qələbənin, milli iradənin təntənəsini anırıq. Birinci və İkinci Qarabağ müharibələrində Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi önündə dərin ehtiramla baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə isə möhkəm cansağlığı diləyirik.
Sosem.az xəbər verir ki, bunu 27 Sentyabr – Anım Günü ilə bağlı Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“Müharibə Qaçılmaz Oldu”
MCP başqanı münaqişənin yaranma köklərinə və müharibəni təhrik edən amillərə diqqət çəkərək bildirib ki, 44 günlük müharibə Azərbaycan xalqının məcbur qaldığı, lakin haqq və ədaləti bərpa etdiyi tarixi bir zərurət idi:
“Tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürüldüyü dövrdən başlayan düşmənçilik siyasəti 200 ildən çox davam etdi. 1905-1907, 1918-1920-ci illər qətliamları, 1948-1953-cü illər deportasiyası və 1980-ci illərin sonundan başlayan soyqırımı aktları erməni şovinizminin əsl simasını göstərdi. Xocalı soyqırımı dinc əhalimizə qarşı törədilmiş ən ağır bəşəri cinayətlərdən biri kimi tarixə düşdü.
Bütün bunlar azmış kimi, ATƏT-in Minsk qrupu 29 il ərzində məsələni çözmək deyil, dondurmaqla məşğul oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 27 il kağız üzerinde qaldı. Beynəlxalq təşkilatların bu ikili standartları və İrəvanın hərbi təxribatları sülhsevər xalqımızın səbir kasasını doldurdu. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatı hərbi-siyasi Zəfərimizlə yekunlaşdı.”
“Biz Qisası Döyüş Meydanında Aldıq”
Millət vəkili Vətən müharibəsində əldə olunan tarixi Qələbənin, Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı sayəsində mümkün olduğunu vurğulayıb:
“Azərbaycan Ordusu 44 gün ərzində dastan yazdı, Şuşanı və digər şəhər-kəndlərimizi işğaldan azad etdi. Biz bu gün qalib ölkənin, müzəffər xalqın vətəndaşları kimi başıuca yaşayırıq. 2908 şəhidimizin qanı yerdə qalmadı. ‘Öldü var, döndü yoxdur’ deyərək bir yumruq kimi birləşən xalqımız bu Zəfəri dövlət-xalq-ordu birliyi ilə qazandı.”

“Şəhid Ailələrinə Qayğı Mənəvi Borcmuzdur”
Parlamentari dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğını, eləcə də Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib:
“Dövlətimiz hər zaman öz əsgərinin, şəhidinin emanətinin yanındadır. “YAŞAT” Fondu vasitəsilə minlərlə şəxsə köməklik göstərilir, qazilərimiz ən müasir protezlərlə təmin olunur, müalicələri diqqətdə saxlanılır.
Eyni zamanda Hərbi Qənimətlər Parkı, Bakıdakı Zəfər Parkı və Zəfər Muzeyi bu şanlı tariximizi və qəhrəmanlarımızın adını əbədi olaraq gələcək nəsillərə ötürəcək muqəddəs məkanlardır. Biz bundan sonra da azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru daha da çiçəkləndirəcək, qazandığımız bu möhtəşəm Zəfəri göz bəbəyimiz kimi qoruyacağıq.”