Xəbərlər

Ermənistanın silahlandırılması regiondakı nizama qarşıdır… – Şərhçi

“Ermənistan və Avropa İttifaqı (Aİ) arasındakı münasibətləri yalnız İrəvanın Rusiya orbitindən uzaqlaşdırılması cəhdi kimi görmək səthi yanaşmadır. Əslində, Qərbin bu regiondakı hərbi-siyasi aktivliyi daha mürəkkəb hədəflərə xidmət edir”.

Bunu Sosdem.az-a Milli Cəbhəə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov regiondakı son geosiyasi gərginliyi analiz edərkən bildirib.

Ekspertin sözlərinə görə, İrəvanda keçirilən Aİ sammiti ilə paralel olaraq Kaja Kallasın Bakıya səfəri sadəcə süni bir “tarazlıq görüntüsü” yaratmaq məqsədi daşıyır.

Politoloq vurğulayıb ki, Ermənistana göstərilən hərbi dəstək onun Rusiya ilə hərbi rəqabət imkanlarını dəyişmək gücündə deyil:

“Fransanın hərbi təchizatı – helikopterlər və digər yardımlar Ermənistanı Rusiya təsirindən çıxara bilməz. Analizlər göstərir ki, bu siyasətin əsas hədəfi Rusiya yox, regionun sülh nizamının pozulmasıdır. Burada əsas hədəfin Azərbaycan olduğu aydın görünür. Aİ-nin ölkəmizə qarşı ittihamedici qətnamələri və sərhəddəki müşahidə missiyası bu xəttin tərkib hissəsidir”.

MCP rəsmisinin fikrincə, Ermənistana hərbi dəstək gərginlik riskini süni şəkildə saxlamaq məqsədi daşıyır və bu məqamda bəzən Qərblə Rusiyanın maraqları üst-üstə düşür:

“Böyük güclər üçün Ermənistan-Azərbaycan xəttində dayanıqlı sülh onların regional maraqlarına ziddir. Qərbin Ermənistana yardımı Rusiya üçün ciddi təhlükə deyil, Azərbaycan üçün risk faktorudur. Bu, keçmiş Minsk qrupunda olduğu kimi, həm Qərbin, həm də Rusiyanın regiona təsirini bərpa etmək cəhdidir. İyunda Ermənistanda keçiriləcək parlament seçkiləri isə Rusiya üçün bu prosesdə yenidən ‘vahid moderator’ rolunu ələ keçirmək üçün ideal şans ola bilər”.

Bir cavab yazın

Back to top button