Xəbərlər

Ermənistan Moskva üçün ikinci Ukrayna kabusudur… – Politoloq

“Ermənistanın Rusiya təsirindən çıxmaq cəhdləri və xüsusilə Qərbə yaxınlaşması Moskvada ciddi narahatlıq doğurur. Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbə inteqrasiya xətti və Rusiyanın artan təzyiqləri fonunda Qərb liderləri İrəvana açıq dəstək mesajları ünvanlayırlar. Bu prosesdə Moskvanın regiondakı mövqeləri zəifləyir, Azərbaycan isə yeni strateji imkanlar və fürsətlər əldə edir”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.

“Kremlin Rıçaqları İflasa Uğrayır, Azərbaycanın Əli Güclənir”

Ekspert Ermənistanın Aİ-yə inteqrasiya addımlarının regiondakı güc balansına təsirlərini vurğulayıb:

“Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Rusiyadan iqtisadi asılılığı azaltmaq cəhdləri Kremlin Cənubi Qafqazdakı nəzarət mexanizmlərini ciddi şəkildə məhdudlaşdırır. İrəvanın Moskva mərkəzli təsir dairəsindən uzaqlaşaraq Qərb tərəfdaşlarına güvənməsi Rusiyanın bölgədəki hərbi mövcudluğunu da sual altına qoyur. Kreml-İrəvan xəttindəki siyasi və iqtisadi gərginlik Rusiyanın ənənəvi təsir rıçaqlarının əvvəlki effektivliyini itirdiyini göstərir. Moskvanın zəifləməsi fonunda Azərbaycanın bölgədə müstəqil qərarlar qəbul etmək və Zəngəzur dəhlizi kimi strateji nəqliyyat layihələrini irəlilətmək imkanları xeyli güclənir”.

“Rusiya Üçün İkinci Ukrayna Kabusu Və Risklər”

MCP rəsmisi Qərbin bölgədə fəallaşmasının yaratdığı təhlükəsizlik risklərinə və sülh prosesinə olası təsirlərinə də diqqət çəkib:

“Qərbin Cənubi Qafqazda fəallaşması güc balansını dəyişə bilər, lakin bu, eyni zamanda kənar qüvvələrin bölgədəki rəqabətini kəskinləşdirir. Ermənistan daxilində Rusiya və Qərb arasında yaşanan qarşıdurma fonunda revanşist qüvvələrin aktivləşməsi və sülh prosesinin ləngiməsi riski qalmaqdadır. Rusiya İrəvandakı özünə bağlı qrupları hərəkətə gətirərək Paşinyan hakimiyyətinə ciddi maneələr yaratmağa cəhd edə bilər. Qərbin dəstək bəyanatları isə Ukrayna bataqlığına batan Moskvanı öz planlarından çətin ki daşındırsın. Rusiya Ermənistanın onun təsirindən tam çıxaraq Qərbin nəzarətinə keçməsini öz təhlükəsizliyinə birbaşa təhdid – “kinci Ukrayna problemi” kimi qiymətləndirir”.

Bir cavab yazın

Back to top button