Ermənistan Putin üçün Ukraynadan daha vacibdir… – Politoloq

“Qlobal güclərin qarşıdurması və Ukrayna müharibəsi fonunda, iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri Rusiya imperiya modelinin gələcəyi və Putin hakimiyyəti üçün Ukrayna cəbhəsindən daha həlledici siyasi nəticələr ortaya çıxara bilər”.
Bunu ABŞ-İran gərginliyi fonunda Cənubi Qafqazda dəyişən geosiyasi balansı və regional riskləri Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının başqan, müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.
Ekspert qeyd edib ki, Ukraynanın hərbi təşəbbüsü ələ alaraq müharibəni Rusiya ərazisinə keçirməsi və texnoloji üstünlüyü Moskva elitasını, xüsusən də Vladimir Putini Vladimir Zelenski ilə bağlı ritorikasını dəyişməyə məcbur edib.
“Rusiya Ukraynada hərbi və nüfuz məğlubiyyəti ilə üzləşsə də, Ermənistanı itirmək onun üçün daha fəlakətli ssenaridir. Rusiya Ukraynada məğlub olsa belə, mövcudluğunu davam etdirə bilər, amma Ermənistanı itirsə, Rusiyanın imperiya modelinin ideoloji bazası və psixoloji-siyasi mərkəzi çökəcək. Çünki Ermənistan Kremlin xarici müharibəsi deyil, onun daxili ‘dövləti’ sayılan tarixi nüfuz zonasıdır. SSRİ-dən sonra böyük dövlət statusunu postsovet məkanına nəzarətlə qoruyan Putin hakimiyyəti üçün bu seçkilər özünün və mümkün varisinin gələcək siyasi taleyini müəyyən edəcək”.

MCP rəsmisi vurğulayıb ki, Moskva Ermənistanda revanşist qüvvələri hakimiyyətə gətirmək üçün bütün imkanlarını səfərbər etsə də, rəy sorğuları Nikol Paşinyanın yenidən qalib gəlmək şansının yüksək olduğunu göstərir və bu, Kreml üçün ciddi təhlükədir:
“Əgər siyasi ssenari baş tutmasa, Moskva hərbi-siyasi müdaxilə variantına da əl ata bilər. Lakin iyundakı seçkilər Ukrayna cəbhəsində strateji nüfuz itkisi yaşayan Putinin hakimiyyətdən getməsi və Rusiyada sistem dəyişikliyi üçün əsas təkan ola bilər. Bu baxımdan, Ermənistandakı parlament seçkiləri nəinki Cənubi Qafqazın, ümumiyyətlə, Rusiyanın daxili siyasi mənzərəsinin və Ukrayna cəbhəsinin gələcək taleyini həll edəcək narahatedici bir prosesdir”.