Ermənistan bir gecənin içində Putinə tabe olmayacaq… – Ekspert

“İrəvan Sarkisyanın səhvini təkrar etməyəcək, bir gecədə Avrasiya İttifaqına tabe olmaq dövrü bitdi; Rusiya hələ də taxıl və gübrə rıçaqlarından istifadə etsə də, siyasi müstəvidə münasibətlər artıq geridönməz mərhələdədir”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“Paşinyan Sarkisyan Kimi Putinə Tabe Olmayacaq”
Ekspert diqqətə çatdırıb ki, Ermənistan rəhbərliyinin son ritorikası Kremlin təzyiqlərinə qarşı qəti bir demarşdır və İrəvan geri addım atmaq niyyətində deyil:
“Ermənistan Rusiya barəsində artıq öz seçimini edib. Paşinyanın “Rusiyanın maraqları Ermənistandan üstün deyil” fikri o deməkdir ki, Ermənistan artıq Rusiyadan uzaqlaşmaq yolunu tutub. Ermənistan Baş naziri Paşinyanın Serj Sarkisyan kimi Avropa İttifaqı ilə Assosiasiya sazişindən tamamilə imtina edərək, bir gecənin içində Avrasiya İttifaqı və Gömrük İttifaqı ilə bağlı saziş imzalamayacağını, yəni Putinə tabe olmayacağını vurğulaması çox ciddi siqnaldır. Bu, Baş nazirin konkret olaraq Rusiya orbitindən uzaqlaşacağı mesajını verir və Ermənistanın xarici siyasi kursunun artıq tamamilə Avropa və avrointeqrasiya olduğunu təsdiqləyir”.
“Rusiya Paşinyandan Referendum Tələb Edir”
Şərhçi qeyd edib ki, Moskva İrəvanın bu kəskin geosiyasi dönüşünü dayandırmaq üçün hüquqi və iqtisadi mexanizmləri işə salsa da, proses artıq kritik həddi keçib:
“Bu, Paşinyan tərəfindən Putinə bir növ qəti və geridönüşü olmayan mesajdır. Rusiya tərəfi Paşinyandan konkret olaraq Aİ ilə bağlı referendum keçirilməsini tələb edir. Düşünürəm ki, Paşinyanın artıq Rusiya ilə bağlı konkret qərarları var və bu qərarların qüvvəyə minməsini, praktik olaraq həyata keçirilməsini hüquqi cəhətdən tamamilə reallaşdıracaq. Xüsusilə Avropa İttifaqına qəbul istiqamətində böyük siyasi qərarlar qəbul ediləcək. Rusiya-Ermənistan münasibətləri, xüsusilə siyasi müstəvidə artıq geridönməz bir mərhələyə keçib”.

“İqtisadi Rıçaqlar Gərginliyi Dayandıra Bilmir”
MCP rəsmisi vurğulayıb ki, Moskvanın əlindəki ənənəvi iqtisadi təzyiq alətləri artıq İrəvanın siyasi iradəsini sındırmaq gücündə deyil:
“Rusiya hələ də hər nə qədər Ermənistana taxıl, gübrə göndərsə də, tərəflər arasında siyasi münasibətlər gərginləşməyə doğru davam edir. İqtisadi asılılıq ipləri tam qopmasa da, siyasi iradə fərqlidir. Paşinyanın Putin barəsində dedikləri də bir daha sübut edir ki, Ermənistan tərəfi öz qəti seçimini edib və bu strateji xətdən geri çəkilməyəcək”.