Erməni kilsəsi revanşizmin əsas ideoloqudur… – Politoloq

Ermənistanda siyasi hakimiyyətlə Erməni Həvari Kilsəsi (Eçmiədzin) arasında dərinləşən qarşıdurma pik həddə çatıb. Vaxtilə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik, revanşizm və şovinizm ideologiyasının əsas təməlini qoyan kilsə hazırda Nikol Paşinyan hökumətinin Cənubi Qafqazda sülh yaratmaq cəhdlərini açıq şəkildə hədəf alır.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan Ermənistan dövləti ilə kilsə arasındakı böhranı, Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı açılmış cinayət işini və kilsə daxilindəki parçalanmaları şərh edərkən bildirib.
Başqan müavini dinin məkrli siyasi oyunlara alət edilməsinin ağır nəticələrinə diqqət çəkib:
“Ermənistanda kilsə ilə hökumət arasında problem hələ də həllini tapmayıb. Kilsə əməlli-başlı hökumətin başına bəla olub. Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik ideologiyasının müəlliflərindən biri olaraq erməni kilsəsi hazırkı sülh prosesini həzm edə, qəbullana bilmir. Vaxtilə Qərbin səlibçi institutları və Rusiya siyasi dairələri barıtı o qədər çox ediblər ki, erməni hökuməti də bu alovu söndürə bilmir. Dinin hansı məkrli oyunlara, kilsənin hansı fitnələrə alət olunması dini, mənəvi dəyərlərin siyasi oyunlara qurban edilməsi deməkdir”.
Ekspert II Qareginin istefası məsələsinin yenidən gündəmə gəlməsinin hüquqi və siyasi səbəblərini təhlil edib:
“Hazırda II Qareginin istefası məsələsinin yenidən gündəmə gəlməsi Ermənistan dövləti, daha konkret desək, Nikol Paşinyan hökuməti ilə kilsə arasında dərinləşən gərginlik, hökumətin rəsmi proqramları və Qareginə qarşı açılmış cinayət işi ilə bağlıdır. 2026-cı ildə Qaregin və 6 yepiskopa qarşı keçmiş yeparxiya rəhbəri Arman Saroyanın vəzifədən qanunsuz uzaqlaşdırılması iddiası üzrə cinayət işi açılıb və onun ölkədən çıxışına qadağa qoyulub. Avqust və sentyabr aylarında hakimlərin bir-birinin ardınca işdən imtina etməsi kilsə rəhbərinin məhkəmə prosesini və onun istefası mövzusunu yenidən qızışdırıb”.
Şərhçi Paşinyan hakimiyyətinin kilsəni neytrallaşdırmaq istiqamətində atdığı addımları və kilsə daxili “İslahat şurası”nın yaranmasını vurğulayıb:
“Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə partiyası Qareginin vəzifədən kənarlaşdırılmasını və kilsədə islahatların aparılmasını dövlətin rəsmi inkişaf proqramına daxil edib. Hakimiyyət kilsənin maliyyə şəffaflığını təmin edəcək yeni nizamnamə qəbul etmək və yeni katolikos seçmək niyyətindədir. Lakin bu prosesə Rusiyaya bağlı qüvvələr və Qərbin müəyyən səlibçi dairələri kilsəyə havadarlıq etməklə maneələr yaradırlar. Buna baxmayaraq, kilsə daxilində parçalanmaya nail olunub və hökuməti dəstəkləyən dini qruplar fəaliyyətə başlayıb. Hətta Paşinyana yaxın bir qrup müxalif yepiskop və ruhani ‘İslahat şurası’ yaradaraq II Qareginin kilsəni siyasi oyunlara alət etdiyini iddia edir və onun könüllü istefasını tələb edirlər”.

MCP rəsmisi Baş nazir Nikol Paşinyanın kilsəyə qarşı ittihamlarını və II Qareginin dirənişini şərh edib:
“Baş nazir Nikol Paşinyan Qaregini və Eçmiədzini açıq şəkildə Ermənistanın daxili siyasətinə karışmaqda, revanşist hərəkatları dəstəkləməkdə və Rusiyanın xeyrinə casusluq etməkdə ittiham edərək onun getməsini tələb edir. Buna baxmayaraq, Qaregin rəsmi açıqlamalarında həbs olunacağı təqdirdə belə kilsənin müstəqilliyini qorumaq üçün istefa verməyəcəyini və fəaliyyətini həbsxanadan da olsa davam etdirəcəyini bildirir. Kilsənin hazırkı radikal, ekstremist mövqeyi keçmiş münaqişə dövründə Ermənistan cəmiyyətinin Azərbaycana qarşı hansı şəkildə qızışdırılmasının bariz göstəricisidir. Odur ki, buna bələd olan erməni hökuməti hazırda kilsənin fitnəsindən həm özünü, həm ölkəni, həm də regional sülhü qorumaq üçün çarpışmalı olub”.