Erməni kartı Ankara və Bakıya siyasi təzyiq vasitəsidir… – Ekspert

“İsrail üçün bu məsələ Türkiyəyə qarşı istifadə edilən strateji təzyiq alətidir və tanınma baş verdiyi anda çəkindirici təsir gücünü itirir; Təl-Əvivin bu addımı regionda Ankara-Tehran yaxınlaşmasını dərinləşdirə və İsrail üçün əlavə geosiyasi risklər yarada bilər”.
Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun açıqlamalarını, ABŞ-İsrail-İran qarşıdurmasının bölgəyə təsirlərini və Azərbaycan səfirinin məsləhətləşmələr üçün geri çağırılmasının pərdəarxası məqamlarını Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.
“Bu, Anti-İsrail Ritorikasına Qarşı Təl-Əvivin Siyasi Xəbərdarlıq Mesajıdır”
Politoloq İsrail rəhbərliyindən gələn bəyanatların gözlənilən olduğunu və birbaşa regional gərginlikdən qaynaqlandığını diqqətə çatdırıb:
“İsrailin Baş naziri Benyamin Netanyahunun erməni iddialarının tanınmasını dəstəkləməsi ilə bağlı açıqlaması gözlənilməz deyildi. Son aylarda Türkiyədə dövlət, media və ictimai səviyyədə güclənən anti-İsrail ritorikasına Təl-Əvivin siyasi xəbərdarlıq mesajı bir cavab reaksiyası kimi də qiymətləndirilə bilər. Digər tərəfdən, İsrailin bu məsələni yenidən gündəmə gətirməsinə ABŞ-İsrail-İran qarşıdurmasının da təsiri istisna deyil. Olsun ki, Azərbaycan və Türkiyənin faktiki olaraq İranı dəstəkləyərək, Tehranın tam təcrid olunmasına yönəlmiş siyasətə qoşulmaması Təl-Əvivdə müəyyən siyasi narazılıq yaradıb. Bu kartın yenidən dövriyyəyə buraxılması Ankara və dolayısıyla Bakıya ünvanlanmış siyasi xəbərdarlıq da hesab oluna olar. Azərbaycan səfirinin Təl-Əvivdən məsləhətləşmə üçün geri çağırılması da özündə məhz bu gərginliyin müəyyən əlamətlərini ehtiva edir”.
“Erməni Məsələsi Tanındığı Anda İsrail Üçün Təzyiq Vasitəsi Kimi Gücünü İtirir”
Analitik bu bəyanatların hüquqi və strateji tərəflərini təhlil edərək, İsrailin real bir addım atmayacağını vurğulayıb:
“Bütün bunlarla yanaşı hesab edirəm ki, bu, real tanınma qərarından daha çox siyasi təzyiq vasitəsidir. Çünki İsrail üçün ‘erməni soyqırımı’ məsələsi ilk növbədə Türkiyəyə qarşı istifadə edilən strateji rıçaqdır. Bu rıçaq tanınma baş verdiyi anda öz təsir gücünü itirir. Buna görə də İsrailin könüllü şəkildə bu vasitədən birdəfəlik imtina edəcəyi inandırıcı görünmür. Hətta İsrail gələcəkdə belə bir qərar qəbul etsə belə, bunun Türkiyə üçün hüquqi və ya siyasi öhdəlik yaradan heç bir nəticəsi olmayacaq. Əvəzində, İsrail regionda öz geosiyasi vəziyyətini daha mürəkkəb hala gətirmiş olacaq. Bu səbəbdən düşünürəm ki, səsləndirilən açıqlama real siyasi qərardan çox, Ankaraya ünvanlanmış çəkindirici və xəbərdarlıq xarakterli bir gedişdir”.

“Türkiyə Kimi Bir Gücü Qarşıya Almaq Təl-Əviv Üçün Əlavə Risklər Yaradır”
MCP rəsmisi belə bir addımın regiondakı qüvvələr nisbətinə mənfi təsir edəcəyini qeyd edib:
“Belə bir addımın regional siyasi nəticələri İsrail üçün əlavə risklər yarada bilər. Bu, regional müstəvidə Türkiyə ilə İran arasında yaxınlaşmanı daha da dərinləşdirə, Ankara ilə Təl-Əviv arasındakı gərginliyi pik həddə çatdıra bilər. İsrail Yaxın Şərqdə Türkiyə kimi nəhəng bir regional gücü özünə qarşı daha sərt və kompromissiz mövqeyə sövq etməkdə maraqlı olmaz. Təl-Əviv proseslərin bu regional risk xətti üzrə inkişafına imkan verməyəcək”.