Xəbərlər

Əliyev-Putin görüşü: Azərbaycan diplomatiyasının uğuru… – ŞƏRH

Bir ilə yaxın davam edən Rusiya–Azərbaycan gərginliyindən sonra Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü iki dövlət arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm addım olub.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Ekspertin sözlərinə görə, Düşənbədə baş tutan görüş nəticə etibarilə Bakının irəli sürdüyü tələblərin qəbul etdirilməsi baxımından Azərbaycan diplomatiyasının ciddi uğurudur.

“Nəzərə alsaq ki, Vladimir Putin yalnız güc dili ilə danışmağı bacaran, imperialist düşüncəyə və təcavüzkar mahiyyətə malik fiqurdur, onda Düşənbədə baş tutan görüşün Azərbaycan üçün nə qədər incəliklə icra edilmiş və qaneedici nəticə verdiyini görmək mümkündür. Görüş zamanı Putinin uzun açıqlamalarına qarşı Prezident İlham Əliyevin qısa və konkret cavabları, əslində, Putinin hesabat verən tərəf kimi görünməsi təəssüratını yaradıb”, – siyasi şərhçi qeyd edib.

Ekspertin fikrincə, İlham Əliyevin Putinin AZAL təyyarəsinin qəzası ilə bağlı açıqlamasına konkret münasibət bildirməməsi, lakin təşəkkür etməklə kifayətlənməsi etik diplomatik davranış nümunəsi idi.

“Bu görüş hələlik gərginliyi tam aradan qaldırmayıb. Rusiya öhdəliklərindən yayınmağı öz siyasi xarakterinə çevirmiş dövlətdir. Putin Azərbaycanın sərnişin təyyarəsinin vurulmasında Rusiyanın təqsirini etiraf etsə də, üzrxahlıq və kompensasiya vədləri verməsi, eyni zamanda Ukraynanı da məsuliyyətə cəlb etməyə çalışması onun yenə də məsuliyyətdən yayınmaq cəhdidir”, – MCP rəsmisi əlavə edib.

Politoloq bildirib ki, Putin hakimiyyətdə olduğu 25 il ərzində ilk dəfədir bir dövlət qarşısında açıq şəkildə təqsirini etiraf edib və bu, nə humanitar, nə də diplomatik səbəblərdən, sırf siyasi məcburiyyətdən irəli gəlir.

“Xarici mənbələrə görə, Moskva dəfələrlə Putin-Əliyev görüşünü təşkil etməyə çalışıb, lakin Bakı razılaşmayıb. Düşənbədəki görüş də Kreml tərəfinin israrlı xahişindən sonra baş tutub. Görüşdə Azərbaycan Prezidentinin formal və protokol cavabları, əslində, sözü olan tərəfin Putin olduğunu göstərdi”, – siyasi şərhçi vurğulayıb.

Analitik qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında bərabərhüquqlu münasibətlərin formalaşması yalnız Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra mümkün olub.

“Azərbaycan artıq təkcə regional lider deyil, qlobal oyunçudur. Rusiya isə bunu qəbul etməkdə çətinlik çəkir. Ukraynada işğal müharibəsi Moskvanı çətin geosiyasi vəziyyətə salıb və bu şəraitdə Azərbaycanla münasibətləri bərpa etmək Rusiya üçün məcburiyyətə çevrilib”, – Başqan müavini bildirib.

Şərhçi hesab edir ki, baxmayaraq Putinin görüşdən sonra “Rusiya ilə Azərbaycan arasında böhran yox, emosional anlaşılmazlıq olub” deməsinə, bu ifadə reallığı əks etdirmir.

“Azərbaycanla gərgin münasibətlərin əsas səbəbi Rusiyanın dəyişməz imperialist düşüncəsidir. Ona görə də bu münasibətlərin yaxın perspektivdə səmimi və sabit səviyyəyə yüksələcəyinə inanmaq çətindir”, – Vüqar Dadaşov fikrini yekunlaşdırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu