Xəbərlər

Əlillik mexanizmi qaziləri çətin vəziyyətdə qoyur… – Deputat

“Müharibədə iştirak edən qazilərimizin bir qismi ciddi sağlamlıq problemləri ilə yaşasalar da, hələ də əlillik təyinatı ala bilmirlər. Biz bu insanların suallarına cavab verməkdə çətinlik çəkirik”.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı qazilərin sosial təminatı və əlilliyin qiymətləndirilməsi mexanizmindəki problemlərə toxunaraq deyib.

“Qiymətləndirmə mexanizmi şəffaf deyil”

Millət vəkili şəxsən tanıdığı bir çox qazinin ədalətsizliyin qurbanı olduğunu və bunun cəmiyyətdə ciddi narahatlıq yaratdığını vurğulayıb:

“Tanıdığım belə insanlar az deyil. Onlar müharibədə sağlamlıqlarını itirdiklərini deyirlər, amma mövcud sosial təminat sistemi bunu təsdiq etmir. Əlilliyin qiymətləndirilməsi mexanizmində ciddi problemlər mövcuddur. Bu vəziyyət qazilərimizin dövlətə inamını sarsıdır, sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir”.

Nazirlər Kabinetinə çağırış: Prosedurlar asanlaşdırılmalıdır

MCP başqanı qazilərin üzləşdiyi bürokratik maneələrin aradan qaldırılması üçün konkret təkliflərlə çıxış edib:

Şəffaf Mexanizm: “Əlilliyin qiymətləndirilməsi daha ədalətli və şəffaf şəkildə təkmilləşdirilməlidir.”

Reabilitasiya: “Qazilər üçün sosial layihələr və reabilitasiya proqramlarının icrası gücləndirilməlidir.”

Hüquqi tənzimləmə: “Nazirlər Kabinetinin müvafiq qərarı bu sahədə asanlaşma gətirməli və süründürməçiliyə son qoymalıdır.”

Bir cavab yazın

Back to top button