“Elektron cihaz hücumu”na hazırıq?
Livanda elektron, rəqəmsal çinahzların kütləvi halda eyni anda partlaması, geniş tətbiq edilən yeni növ müharibə, yeni növ terror vasitəsidir.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib. O, bu əməliyyatın xeyli müddət əvvəl hazırlanıb ehtiyat variant kimi saxlanıldığnı bildirib:
“Böyük itkilərə və dağıntılara səbəb olmamasına baxmayaraq, bu əməliyyat öz hədəfinə, məqsədinə çatıb. Yaxın Şərqdə və hətta bəzi körfəz ölkələrində təhlükəsizlik məqsədi ilə internet və onunla əlaqəli cihazların istifadəsi dayandırılıb. Bu cür “qabaqlayıcı” tədbirlər dövlət orqanlarının fəaliyyətinə təsir etməklə, iqtisadi baxımdan da ziyanlara səbəb olub.
Livandakı hücumun kimin və ya hansı dövlət tərəfindən keçirilməsi mülahizə, mübahisə mövzusu olsa da, artıq əməliyyat özü-özlüyündə milli təhlükəsizlik, informasiya məsələrinə ciddi və fərqli yanaşmanı məcburi edir. Əvvəla internet, rəqəmsal cihazların artıq insanların şəxsi həyatını izlədiyi şübhə doğurmur və bu imkanın lazımi şəxslərə qarşı şantaj, təzyiq kimi hər an istifadəsinin mümkünlüyü danılmazdır. Kəşfiyyat məsələləri də əsas məqsəd kimi, öz yerində…”.
“Digər tərəfdən, bu tip əməliyyatların tətbiqi böyük ehtimal yaradır ki, ağıla gəlməz digər növ hücum variantları da mümkündür”, deyən hüquqşünas, “Bu da özü-özlüyündə qeyri-müəyyənlik yaradır və bunun böyük güclər tərəfindən iqtisadi, siyasi məqsədlər üçün təzyiq kimi istifadəsinin ehtimalı böyükdür, deyə bildirib:
“Livandakı “elektron cihaz əməliyyatı” digər dövlətlər kimi, Azərbaycan üçün də əlavə bir siqnaldır. Heç şübhəsiz ki, bu tip əməliyyatların o cümlədən, kiberhücumların qarşısını almaq və milli təhlükəsizlyimizin təmin edilməsi üçün Azərbaycan dövləti bütün qabaqlayıcı tədbirlər görüb”.