Xəbərlər

“Ekran asılılığı, kiber risklər: Təhsilimizi nə gözləyir?” – ŞƏRH

Son günlər Milli Məclisdə dərsliklərin rəqəmsallaşdırılması ilə bağlı irəli sürülən təkliflər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Sosdem.az-a açıqlama verən Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov, bu prosesin həm şagirdlərin sağlamlığına, həm də milli təhlükəsizliyə ciddi təhdid, Azərbaycanın təhsil sistemi və gələcəyi üçün riskli olduğunu vurğulayıb.

“Təhsil sistemi internet və enerjidən asılı vəziyyətə düşəcək”

MCP rəsmisi qeyd edib ki, dərsliklərin çap xərclərinin azaldılması və şagirdlərin çanta yükünün yüngülləşdirilməsi müsbət görünsə də, yaranacaq texniki asılılıq daha böyük fəsadlar törədə bilər:

“Rəqəmsallaşdırma o deməkdir ki, bütün təhsil sistemi enerji və internet təchizatından tam asılı vəziyyətə düşəcək. Bu gün heç kim 100 faiz zəmanət verə bilməz ki, kəsintilər olmayacaq. Enerji və internetdən asılılıq fiziki təhsil sisteminə nisbətən dəfələrlə zəif və etibarsızdır. Təsəvvür edin, problem yaranarsa, ölkə üzrə bütün təhsil prosesi tamamilə iflic ola bilər.”

Sağlamlıq və Milli Təhlükəsizlik Riskləri

Şərhçinin sözlərinə görə, məsələyə təkcə texniki deyil, həm də sağlamlıq və təhlükəsizlik prizmasından yanaşmaq lazımdır:

“Ümumünya Səhiyyə Təşkilatı və UNESCO xəbərdarlıq edirlər ki, ekran qarşısında uzun vaxt keçirmək gənc nəslin sağlamlığına birbaşa zərbədir. Uzunmüddətli ekran istifadəsi görmənin zəifləməsi, diqqət pozuntuları, yuxu problemləri və əsəbilik riskini artırır. Bununla yanaşı, xarici serverlərdən və proqram təminatlarından asılılıq kiber təhlükəsizlik riskləri yaradır. Bu, milli təhlükəsizlik maraqlarımıza tam uyğun deyil.”

“Kağız kitab analitik düşüncəni formalaşdırır”

Başqan müavini kağız kitabın tədrisdəki əvəzsiz rolunu önə çəkərək bildirib ki, rəqəmsal oxu qavramanı zəiflədir:

“Kağız kitabdan istifadə yaddaşın və analitik düşüncənin daha güclü formalaşmasına xidmət edir. Ekran vasitəsilə oxu isə şagirddə daha çox səthi qavrama meyli yaradır. Yalnız iki arqumentə – xərclərin azaldılması və fiziki yükün yüngülləşdirilməsinə görə Azərbaycanın gələcəyini və təhsilin keyfiyyətini arxa plana keçirmək qətiyyən yolverilməzdir.”

Dadaşov sonda vurğulayıb ki, dərsliklərin bu formada rəqəmsallaşdırılması müzakirə mövzusu olmamalıdır, çünki bu, dövlətçiliyin möhkəm əsaslar üzərində qurulmasına maneə yarada bilər.

Bir cavab yazın

Back to top button