Ədalət yalnız tələb olunmur, həm də sübut edilir… – Deputat

31 Mart Azərbaycanlıların Soyqırımı hadisələri müasir beynəlxalq hüquq prizmasından ‘soyqırım’ və ‘insanlığa qarşı cinayət’ anlayışlarına tam uyğun gəlir. Tarix göstərir ki, zəif dövlət və parçalanmış cəmiyyət faciələr üçün zəmin yaradır.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev 31 Mart Soyqırımı Günü ilə bağlı tarixi və siyasi reallıqları təhlil edərkən deyib.
Partiya başqanı 1918-ci il hadisələrinin təsadüfi deyil, məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə aktı olduğunu vurğulayaraq, beynəlxalq birliyi bu cinayətlərə obyektiv hüquqi qiymət verməyə çağırıb.
Məqsədyönlü zorakılıq və Quba həqiqətləri
Millət vəkili vurğulayıb ki, 1918-ci ilin mart-aprel qırğınları əvvəlcədən hazırlanmış plan əsasında icra edilib:
“Tarixi mənbələr göstərir ki, bu hadisələr məqsədyönlü şəkildə həyata keçirilmiş zorakılıq aktları idi. Erməni daşnak silahlı dəstələri Bakıdan başlayaraq Şamaxı, Quba, Qarabağ və Lənkəranda on minlərlə mülki şəxsi qətlə yetirib. Xüsusilə Qubada aşkar edilmiş kütləvi məzarlıq faktı bu gün də həmin dövrdə törədilmiş cinayətlərin canlı sübutudur. İstintaq materialları sübut edir ki, qətlə yetirilənlərin böyük əksəriyyəti qadınlar, uşaqlar və qocalar olub”.
Beynəlxalq hüquq və tarixi ədalət tələbi
MÇP başqanının fikrincə, bu cinayətlər BMT konvensiyalarına əsasən ən ağır kateqoriyalı əməllər hesab olunmalıdır:
“Bu hadisələr ‘soyqırım’ və ‘insanlığa qarşı cinayət’ anlayışlarına tam uyğun gəlir. Lakin o dövrün siyasi xaosu və beynəlxalq güclərin maraqları bu cinayətlərin obyektiv araşdırılmasına imkan vermədi. Bu gün Azərbaycan dövləti tarixi faktların beynəlxalq platformalarda təqdim olunması istiqamətində sistemli fəaliyyət göstərir. Ədalət yalnız tələb olunmur, həm də sübut edilir. İnsanlığa qarşı törədilən cinayətlər unudulmamalı, onlara obyektiv hüquqi qiymət verilməlidir”.

Dövlətçilik dərsləri: Milli birlik və təhlükəsizlik
Deputat əlavə edib ki, tarixi faciələrdən düzgün nəticə çıxarmaq gələcək təhlükəsizliyin əsas təminatıdır:
“31 Mart hadisələri bizə dövlətçilik baxımından ciddi dərslər verir. Tarix göstərir ki, zəif dövlət, parçalanmış cəmiyyət və ideoloji təxribatlar faciələr üçün zəmin yaradır. Milli birlik, güclü dövlət institutları və sağlam ictimai şüur yalnız inkişaf üçün deyil, həm də təhlükəsizliyin təminatı üçün vacibdir. Biz keçmişi dəyişə bilmərik, lakin ona verdiyimiz qiymət və çıxardığımız nəticələr gələcəyimizi müəyyən edir”.