Dünyanın uzaq durduğu İrana Azərbaycan yardım əlini uzatdı – Politoloq

“Azərbaycan hər zaman qonşu dövlətlərlə, o cümlədən İranla sülh və sabitlik şəraitində yaşamaqda maraqlı olub. Hətta ən gərgin vaxtlarda belə Bakı təmkinli davranaraq qonşuluq münasibətlərini qorumağa çalışıb”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan deyib. Ekspert qeyd edib ki, rəsmi Bakının bu günlərdə İran xalqına göstərdiyi humanitar yardım dövlətimizin sabitqədəm və humanist siyasətinin bariz göstəricisidir.
“40 milyonluq soydaşımız hər zaman diqqət mərkəzindədir”
Şərhçi vurğulayıb ki, Azərbaycanın atdığı hər bir addımda İranda yaşayan milyonlarla soydaşımızın təhlükəsizliyi ön plandadır:
“İranda yaşayan çoxmilyonlu soydaşımızın həyatı Azərbaycan üçün hər zaman prioritet olub. Ölkəmiz oradakı qardaş-bacılarımız üçün hər zaman ümid yeri rolunu oynayıb. Hazırda davam edən müharibənin baş verməməsi üçün Azərbaycan beynəlxalq səviyyədə böyük səylər göstərib. Bu humanitar yardım bir daha sübut edir ki, Azərbaycan çətin gündə qonşusunu tək qoymur.”
Siyasi və mənəvi dəyəri olan addım
MCP rəsmmisinin fikrincə, dünyanın İrandan uzaq durmağa çalışdığı bir məqamda Azərbaycanın bu dəstəyi xüsusi qiymətləndirilməlidir:
“İran tərəfi Azərbaycanın bu humanist addımlarını doğru analiz etməlidir. Bir çox dövlətlərin İrandan təcrid olunduğu bir dövrdə bu yardımın həm siyasi, həm də mənəvi yükü çox böyükdür. Bu, sadəcə maddi dəstək deyil, həm də qonşuluq haqlarının qorunması, bölgədə sabitliyin tərəfdarı olduğumuzun nümayişidir.”
