Dünyanı 3 nəfər böləcək? – ŞƏRH

“ABŞ prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpinlə tezliklə görüşmək istədiyi barədə açıqlaması qlobal dünya bölgüsünün məhz bu üç dövlət, liderlər arasında aparılacağı kimi təqdim edilir. Hətta, bu mümkün görüşü 1945-ci il SSRİ, ABŞ, Böyük Britaniya liderləri Stalin, Ruzvelt, Çörçilin “Yalta görüşü”nə də bənzədənlər də var”.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Ancaq, bu qənaət tamailə yanlışdır. Əvvəla, Donald Trampın belə bir yükü çəkmək bacarığı yoxdur və onun hər hansı bir qlobal dünya bölgüsündə istədiyi kimi iştirakına ABŞ dərin dövləti, siyasi elitası imkan verən deyil.
Digər tərəfdən, dünyanın siyasi mənzərəsinə Londonun bir mənalı razılığı və qərarı təsir edir. Böyük Britaniya, Türkiyə birliyi isə bu prosesin lokomatividir. Bir müddət əvvəl qeyd etdiyim kimi, Böyük Britaniya, Türkiyə, Avropa İttifaqı Rusiya ilə bağlı birlikdə əsas qüvvə kimi çıxış etməyə məcburdur” – ekspert əlavə edib.

V.Dadaşov vurğulayıb ki, ümumiyyətlə bütün Qərb dünyasının Rusiyaya qarşı birləşdiyi, ona qarşı təzyiq və sanksiyaların tətbiq edildiyi bir dövrdə ABŞ-ın Rusiya ilə geniş mənada razılaşmasına imkan verilməz:
“Sözügedən görüşün “Yalta görüşü”nə bəzədilməsi isə, əsasən Rusiya tərəfindən dünya informasiya dövriyyəsinə buraxılmış hibrid müharibə, psixaloji təsir vasitəsidir. Kreml son günlərdə artıq özünü Qərblə qarşıdurmanın, müharibənin qalibi kimi təqdim etməyə başlayıb və hətta sətiraltı Ukraynadan sonra keçmiş SSRİ respublikaları ilə məşğul olacağı xəbərdarlığı ilə bir növü təhdid edir.
Ancaq, butün bunlar, xüsusən də Trampın təklifləri, əldə etdiyi razılaşmalar belə, dünyanın siyasi mənzərəsinə qeyd edilən dərəcədə təsir etməyəcək. Dünya nəinki bu üçlükdən, beşlikdən belə böyükdür. Ona görə də təqdim edilməyə çalışılan “Yalta görüşü”nün nəticəvi ciddiliyinə inanmaq ən azı sadəlövhlükdür”.