Dövlət əmlakı qəpik-quruşla ayrı-ayrı vəzifəli şəxslərə keçib – Deputat Razi Nurullayev
Bu günə qədər xeyli dövlət müəssisələri özəlləşdirilib və təəssüflər olsun ki, ilk özəlləşdirmə zamanı qiymətləndirilmələr düzgün aparılmayıb. Nəticədə dövlət əmlakı qəpik-quruşla ayrı-ayrı vəzifəli şəxslərin özünə və ya himayə etdiyi şəxslərə keçib. Dövlət büdcəsinə milyardlarla əskik vəsait ödənilib. Nə zamansa bu məsələlər ortaya çıxacaq və məhkəmələr qurulacaq. Çünki, dövlətin malı dövlətin və xalqındır. Əgər dövlət malı bazar qiymətlərindən on, bəzən yüz dəfələrlə aşağı qiymətləndirilib pay-püşt edilibsə, bu məsələ onilliklər keçsə də gündəmə gələcək və müzakirəyə çıxarılacaq. Bu şəxsən mənim üçün çox prinsipial məsələdir.
Bunu Milli Cəbhə Pariyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentdə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunla bağlı çıxışı zamanı deyib.
O, bildirib ki, dövlət əmlakı bazar qiymətlərinə uyğun düzgün qiymətləndirilməlidir ki, qazanan dövlət büdcəsi olsun, ayrı-ayrı şəxslər yox:
“Girov sahəsində olan qiymətləndirmə barədə də narahatlığımı dilə gətirmək və bu məsələnin təcili həllinə nail olmağı vacib sayıram. Elə olur ki, bir şəxsə, biznesmenə yaxud da adi vətəndaşa təcili pul lazım olur. O, əmlakını girov qoyub pul götürür, yaxud məcburiyyət və təzyiq qarşısında daşınar və daşınmaz əmlakını girov qoymalı olur. Qiymətləndirilmə zamanı o əmlak bazar qiymətindən 30-40, bəzən 50 faiz ucuz dəyərləndirilir.
Ağır şərtlər və təzyiqlər altında olan şəxs, sahibkar, yaxud digər şəxs isə məcburiyyət qarşısında ağır şərtlərə razılaşır. Bu mənəvi və dini baxımdan da qüsurlu yanaşmadır. Adam təzyiq altındadır və çıxılmaz vəziyyətə düşür, az qalır ki, həyatına son qoysun. Belə vəziyyətdən sui-istifadə yolverilməzdir və bu məsələ ciddi şəkildə qanunla tənzimlənməlidir. Gərək qanunu elə halda qəbul edək ki, boşluqlar sui-istifadəyə imkan yaratmasın. Keyfiyyətli qiymətləndirmənin aparılması üçün gərək qanuni boşluqlar olmasın və bu baxımdan bu qanuna deputat həmkarlarımdan ciddi yanaşmağı və diqqətlə oxumağı xahiş edirəm.
Səsləndirdiyim narahatlıqlar barədə ətraflı məlumat verilməsini istərdim!”