“Dövlət zərərçəkmiş vətəndaşlara adekvat kompensasiya ödəməlidir” – Deputat

Son günlər müşahidə olunan intensiv yağışlar bir daha göstərdi ki, təbii hadisələr qarşısında yalnız reaksiya vermək kifayət etmir – biz sistemli və qabaqlayıcı yanaşmaya keçməliyik.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili bildirib ki, dövlət tərəfindən zərərçəkmiş vətəndaşlara adekvat və ədalətli kompensasiyanın ödənilməsi vacibdir:
“İnsan tək qalmamalıdır və dövlət bu mərhələdə öz sosial məsuliyyətini tam şəkildə yerinə yetirməlidir.
Bir çox hallarda dəyən ziyan illərlə yığılıb qalan infrastruktur problemlərinin, drenaj sistemlərinin yetərsizliyinin, nəzarətsiz tikintilərin və ümumi idarəetmə boşluqlarının nəticəsidir. Vətəndaş öz imkanları daxilində yaşayıb, amma onu qorumalı olan sistem kifayət qədər işləməyib.
Bu baxımdan məsuliyyət yalnız fərdi deyil – əlaqədar bütün dövlət qurumları bu prosesdə məsuliyyət daşıyır. Məhz buna görə də vətəndaşlara dəyən ziyanın normal və real məbləğdə ödənilməsi məsələsində heç bir tərəddüd olmamalıdır. Dövlət orqanları məsuliyyətdən yayınmamalı, bu yükü vətəndaşın üzərinə ötürməməlidir”.
MCP başqanı qeyd edib ki, məsələ yalnız kompensasiya verməklə bitmir:
“Əsas sual budur: biz niyə hər dəfə eyni vəziyyəti yaşayırıq?
Hazırkı mexanizmlər daha çox hadisədən sonra işə düşür. Zərər qiymətləndirilir, komissiyalar yaradılır və müəyyən maliyyə yardımları ayrılır. Amma bu yanaşma uzunmüddətli həll deyil. Bu, əlaqədar təşkilatların dili ilə desək “büdcə üçün əlavə yük” yaradır və vətəndaşı davamlı qorumaq iqtidarında olmur.
Əslində isə qanunvericiliyimiz imkan verir ki, bu risklər əvvəlcədən idarə olunsun. Bunun üçün əsas alətlərdən biri sığorta sistemidir. Azərbaycanda əmlakın icbari sığortası mövcuddur və təbii fəlakətləri də əhatə edir. Amma reallıq ondan ibarətdir ki, bu sistem kağız üzərində qalıb – nəzarət zəifdir, maarifləndirmə aşağıdır, vətəndaş isə çox vaxt buna ehtiyac duymur, çünki düşünür ki, dövlət onsuz da zərəri ödəyəcək. Məhz bu yanaşma dəyişməlidir”.
Deputat əlavə edib ki, inkişaf etmiş ölkələrdə dövlət əsas ödəyici deyil:
“Əsas yük sığorta sisteminin üzərində qurulur. Dövlət isə yalnız ən həssas hallarda dəstək verir və ümumi sistemi tənzimləyir. Bu isə həm daha ədalətli, həm də daha dayanıqlı modeldir.
Biz də bu istiqamətdə konkret addımlar atmalıyıq.
İcbari sığorta real işlək mexanizmə çevrilməlidir. Bu, yalnız qanunda deyil, praktikada da tətbiq olunmalıdır. Kommunal xidmətlər, daşınmaz əmlak qeydiyyatı kimi sahələrlə əlaqələndirilmiş nəzarət sistemi qurulmalıdır.
Eyni zamanda, vətəndaş maarifləndirilməlidir. İnsan anlamalıdır ki, sığorta əlavə xərc deyil, gələcək risklərin təminatıdır”.

MCP başqanı vurğulayıb ki, digər vacib məsələ isə infrastruktur və şəhərsalmadır:
“Sel və daşqın riski olan ərazilərdə tikinti siyasəti yenidən nəzərdən keçirilməli, drenaj, kanalizasiya və su ötürücü sistemlərin tikintisi daha da sürətləndirilməlidir.
Nəhayət, dövlətin rolu dəyişməlidir. Dövlət hər dəfə ziyanı ödəyən tərəf yox, bu ziyanların qarşısını alan sistemin qurucusu olmalıdır.
Əgər biz bu gün düzgün nəticə çıxarmasaq, sabah eyni problemləri daha böyük miqyasda yenidən yaşayacağıq. Amma düzgün siyasət və ardıcıl islahatlarla həm vətəndaşın təhlükəsizliyini təmin etmək, həm də dövlətin yükünü azaltmaq mümkündür”.