Azərbaycan “dinsiz ölkələr” sırasındadır? – Dinşünas

Son günlər sosial mediada və bəzi xəbər portallarında ABŞ-nin Pew Araşdırma Mərkəzinə istinad edildiyi deyilərək, dünyanın ən az dindar ölkələrinin siyahısı paylaşılıb. İddialara görə, Məlumatda bildirilir ki, Azərbaycan 64% göstərici ilə dünyanın ən az dindar ölkələri sırasında 5-ci yerdədir.
Lakin bu məlumatın həqiqiliyi və mənbə etibarlılığı barədə dəqiq təsdiq yoxdur. Bununla belə, mövzu Azərbaycan cəmiyyətində geniş müzakirələrə səbəb olub.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan Sherg.az-a, bu məlumatın reallığı əks etdirmədiyini deyib:
“Bu statistikanı hansı təşkilatın apardığı barəsində məlumatım yoxdur. Lakin bu, reallığa uyğun görünmür. Əhalidən nə vaxt rəy sorğusu keçirildiyi, insanların dini inancı barədə necə və kimin araşdırma apardığı da açıqlanmayıb. Əksinə, müşahidələr göstərir ki, Azərbaycan xalqının böyük əksəriyyəti dinə inanır. Demək olar ki, insanların hamısı Allaha inanır, sadəcə bu inanc fərqli formalarda özünü göstərir. Azərbaycan xalqı heç Sovet hakimiyyəti dövründə-ateizmin dövlət siyasəti səviyyəsində təbliğ olunduğu illərdə belə dinsiz olmayıb. Hazırda da ateizm ölkəmizdə çox zəifdir”.
MCP rəsmisi əlavə edib ki, bəzən insanlar dini biliklərdən çox xurafat və mövhumata meyl etsələr də, bu, dinsizlik demək deyil:
“Ölkədə ibadət yerlərinin sayının sürətlə artması, məscidlərin dini ayinlər zamanı dolub-daşması, ziyarətgahlara üz tutan insanların çoxalması sübut edir ki, dinsizlik Azərbaycanda minimum səviyyədədir. Xalqımız hələ də heyvan kəsəndə qibləyə yönəlir, ölüsünü kəfəndə dəfn edir, oğul övladını sünnət etdirirsə, burada dinsizlikdən danışmaq əsassızdır”.

Dinşünas həmçinin, Azərbaycanın dünyəvi və hüquqi dövlət olduğunu da qeyd edib:
“Vətəndaşlar istənilən dinə inanmaqda azaddırlar. Bu inanc dövlətin, qanunun və hüququn tələblərinə zidd olmamalıdır. Ölkəmizdə müsəlmanlarla yanaşı yəhudi və xristian icmaları, eləcə də digər konfessiyalar fəaliyyət göstərir. Xristianlığın həm katolik, həm də pravoslav təriqətləri mövcuddur və onların da mənsubları var. Azərbaycanda dini dəyərlər qorunur və inkişaf etdirilir. Ölkədə Azərbaycan İlahiyyat İnstitutu, Bakı İslam Kolleci kimi təhsil müəssisələri fəaliyyət göstərir. Dinlə bağlı müxtəlif mövzularda beynəlxalq simpozium və konfranslara ev sahibliyi edilir. Dövlət də dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafına mühüm töhfələr verir və bu istiqamətdə ardıcıl dəstəyini göstərir. Odur ki, Azərbaycanın “dinsiz ölkələr” sırasında göstərilməsi həm qərəzli, həm də absurddur”.