Dini sabitliyin qorunması birgə məsuliyyətdir… – İlahiyyatçı

“Dini sabitliyin qorunmasında birgə məsuliyyət cəmiyyətin bütün təbəqələrinin əlaqəli fəaliyyəti əsasında həyata keçirilə bilər. Çünki cəmiyyətdə dindarlar, geniş kütlə və inancsız təbəqə kimi müxtəlif çevrələr var və bu qrupların hər biri arasında maarifləndirmə hərtərəfli təşkil olunmalıdır”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, dinşünas Tural İrfan deyib.
“Din Pərdəsi Altında Xurafat Və Məzhəbçilik Təbliğ Edilir”
MCP rəsmisi son dövrlərdə müxtəlif peşə sahələrinə sızaraq xarici dini modelləri təşviq edən hibrid təhdidlərə diqqət çəkib:
“Son zamanlar xarici təsirlər nəticəsində bəzi insanların düşüncələrinə mənfi istiqamətdə təsir göstərilir və bu şəxslər cəmiyyətin müxtəlif sahələrində təmsil olunurlar. Siyasi aləmdən tutmuş hüquqşünas, psixoloq, idmançı və ilahiyyatçı kimi çıxış edən bəzi şəxslər din pərdəsi altında məzhəbçilik, xurafatçılıq və xarici dini modellərin tətbiqi istiqamətində təbliğat aparırlar. Belə zərərli halların qarşısının alınması üçün cəmiyyətin birgə fəallığı və düzgün maarifləndirilməsi şərtidir. İnsanlara həqiqətlər çatdırılmalıdır ki, onlar doğru olanı, məqsəd və məramı düzgün dərk etsinlər, nəyə qarşı mübarizə aparacaqlarını bilsinlər. Bu anlayışın formalaşması dini sabitliyin və tolerantlığın davamlı inkişafı üçün əsas amildir”.

“Mübarizə Hərtərəfli Və Əlaqələndirilmiş Olmalıdır”
İlahiyyatçı dini sabitliyin təmin olunmasında ictimai xadimlərin və cəmiyyət fəallarının üzərinə düşən məsuliyyəti vurğulayıb:
“Bu proses yalnız məhdud bir çevrə ilə bitməməli, cəmiyyətin bütün sahələrini əhatə edən hərtərəfli xarakter daşımalıdır. Bunun üçün isə davamlı tədbirlərin keçirilməsi və əlaqələndirilmiş fəaliyyətin qurulması vacibdir. Cəmiyyətin bütün təbəqələrindən olan fəallar, ictimai xadimlər həqiqətlərin üzə çıxması üçün öz mövqelərini ortaya qoymalıdırlar. İnsanlar hansı dəyərlər ətrafında birləşməli olduqlarını şüurlu şəkildə dərk etməlidirlər ki, milli-dini sabitliyimizin qorunması istiqamətində sağlam və effektiv fəaliyyət formalaşsın”.